AZ

Lionel Messi: “Hər kəslə bir araya gəlməyi səbirsizliklə gözləyirəm”

Argentina millisinin ulduz hücumçusu və kapitanı Lionel Messi Peru yığması ilə qarşıdakı oyun ərəfəsində çıxış edib.

Arena.az məlumat verir ki, argentinalı futbolçu özünün sosial şəbəkə hesablarından biri üzərindən yazıb:

“Daha unudulmaz bir ilin son oyununda yenidən hər kəslə bir araya gəlməyi səbirsizliklə gözləyirəm”, – “Leo” dərc edib.

Xatırladaq ki, Argentina yığması noyabrın 20-də 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin 12-ci tur oyununda Peru yığmasını qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 4:00-da başladacaq.

11 turdan sonra Argentina yığması 22 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Peru yığması isə 7 xalla 9-cu, axırıncıdan əvvəlki pillədə yer alıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.

Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 190 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
41
10
arena.az

10Mənbələr