ABŞ yığmasının baş məşqçisi Maurisio Poçettino Argentina millisinin hücumçusu Lionel Messinin qarşıdakı mundialda oynayacağına inanır.
Arena.az “La Nacion” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Messinin dünya çempionatına yollana biləcəyinə şübhəm yoxdur. Əgər o, istəsə, orada oynayar. Onunla hər şeyin qaydasında olduğunu görürsünüz. “Leo” çox peşəkardır və özünə diqqət yetirir. Onu dünya çempionatında görmək əla olardı. Bu həm ABŞ, həm də Argentina üçün maraqlı olacaq”, deyə Poçettino vurğulayıb.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı həmin il Kanada, Meksika və ABŞ birlikdə təşkilatçılığı ilə iyun ayının 11-dən iyul ayının 19-a qədər müddəti əhatə edəcək.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.
Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 190 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.