AZ

Ermənistan vasitəçi rolunda – Fransanın İrandan umacağı nədir?

Xalq arasında bir məsəl var: ”Özünə umac ova bilmir, başqasına əriştə kəsir”. Bu xalq deyimi Ermənistanın timsalında tam yerinə düşür. İndi məlum olur ki,  Ermənistan Fransa və İran arasında gizli vasitəçi kimi çıxış edir. Dalan dövlət həm də tərəflər arasında mesajlar ötürməklə məşğuldur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Abbas Araqçi  və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı aparıb. Noyabrın 7-də Budapeştdə Avropa Siyasi Birliyinin sammitində  Makron Paşinyana  İrana mesajların çatdırılması barədə göstəriş verib. Fransa Yaxın Şərq və Afrikadakı çoxillik təcrübəsindən istifadə edərək Ermənistanı yeni müstəmləkəsinə çevirmək üçün Paşinyandan istifadə edir.

Ermənistanda gözlənilməz istefalar da bu hadisələrlə əlaqələndirilir. Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Vahe Qazaryan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, İstintaq Komitəsinin sədri Argişti Karamyan və digər vəzifəli şəxslər istefa veriblər. Qeyd edək ki, müxalifətə qarşı sərt repressiyaların aparılmasında daxili işlər nazirinin əsas rolu olub. Paşinyan hesab edir ki, Fransa və İran arasında məxfi danışıqlara dair məlumatlar da məhz istefaya göndərdiyi məmurlardan  sızıb. Onlar arasında ABŞ və digər Qərb strukturları ilə bağlı olan çoxlu adamlar var.  Buna görə də Paşinyan onlarla yollarını ayırmaq qərarına gəlib.

Bu hadisələr Makron rejiminin ikiüzlülüyünü nümayiş etdirir. Hətta Qərb ölkələrini də çaşdıraraq, İranla danışıqlar aparır. Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdiyi zaman, Makron Ermənistan vasitəsilə Tehranla gizli danışıqlar aparır. Bu həm də Fransanın  müttəfiqi ABŞ-yə xəyanətidir.

Fransa ilə İran arasında tarixi əlaqələr

Bununla belə, Parisin Tehranla ənənəvi əlaqəsini nəzərə alsaq, burada təəccüblü bir şey yoxdur. Ayətullah Xomeyninin Fransada sürgündə olduğunu və İslam İnqilabından sonra “Air France” təyyarəsi ilə İrana qayıtdığını xatırlamaq kifayətdir. Yaxın vaxtlara qədər “TOTAL” və “Peugeot” kimi fransız şirkətləri Qərbin sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirirdi.

Ermənistana silah ötürülməsi

Fransanın Ermənistanı silahlandırmasında İranın vasitəçiliyi xüsusi yer tutur.  Məlum olduğu kimi, “Sezar” artilleriya sistemlərinin bir hissəsi və digər silahlar İran ərazisindən Ermənistana çatdırılıb. Ermənistan İran vətəndaşlarının Fransa kəşfiyyatına işləmək üçün işlər görür. Bu əməliyyatlar Ermənistan ərazisini kəşfiyyat üçün əlverişli yerlərdən birinə çevirir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
33
46
konkret.az

10Mənbələr