AZ

Bakıda “İqlim üçün mədəniyyət: Gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" adlı panel keçirilib

Yazını böyüt
Yazını kiçilt

COP29 çərçivəsində Heydər Əliyev Fondu, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, ICESCO (İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 19-da Bakıda COP29 çərçivəsində “İqlim üçün mədəniyyət: Gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" adlı panel sessiya keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə əvvəlcə “Newman Partnership" təşkilatının təsisçisi Martin Nyuman panelin mövzusu haqqında məlumat verib. Sonra “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün videotəqdimatı nümayiş olunub.

Paneldə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru Aruna Francesca Maria Gujral, İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, xanım Dana Firas və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış ediblər.

Çıxışçılar mədəniyyət layihələri, vasitələri və işçilərinin ruhlandırıcı rolundan danışıblar. Müzakirə zamanı Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycanın yeni "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsü kimi beynəlxalq platformaların bu cəhdlərin nümayiş etdirilməsindəki, mədəniyyətin bütün dünyada davranış dəyişikliyinin katalizatoru kimi gücün artırılmasındakı rolu diqqət mərkəzində olub.

Vurğulanıb ki, araşdırmalar istixana effekti yaradan qazların təqribən 72 faizinin fərdi davranış və qərarların nəticələrinə aid olduğunu göstərir. Diqqətə çatdırılıb ki, nəticələrin yüngülləşdirilməsi, adaptasiya üçün maliyyə mexanizmləri, emissiyaların azaldılması istiqamətində ambisiyalı hədəflər və öhdəliklərlə yanaşı, insan davranışında qətiyyətli dəyişiklik də iqlim böhranı ilə mübarizədə vacib vasitələrdən biri kimi nəzərdən keçirilməlidir.

Çıxışçıların fikrincə, mədəniyyət hazırda fundamental davranış dəyişikliklərinin formalaşdırılmasında və modelləşdirilməsində yerli, mili, regional və qlobal səviyyələrdə mərkəzi rol oynayır. Mədəniyyətin vasitəçiliyi olmadan iqlim böhranı ilə mübarizə səylərimiz ciddi əngəllə qarşılaşacaq. İndiyədək iqlim dostu və iqlimə münasibətdə dayanıqlı davranışlar istiqamətində təcili köklü dəyişikliklərin zərurətinin nəzərdən keçirilməsi üçün qismən məhdud səylər göstərilib. Lakin hazırda bu dəyişiklik üçün əlverişli fürsət yaranıb.

Diqqətə çatdırılıb ki, son zamanlar mədəniyyət nazirlikləri, hökumətlərarası orqanların institusional nümayəndələri və QHT-lər də daxil olmaqla, yeni üzvlərinin sayındakı artımla güclənən Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) COP29 zamanı onun əhəmiyyətini daha da artırıb.

“Bakıda mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü zamanı Qrupun işi üçün texniki tapşırığın uğurla qəbul edilməsi vacib nəticələrdən biridir. COP sədrliyi dövründə Azərbaycan hökuməti "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünü elan etməklə iqlim debatında mədəniyyətin səsinin yüksəldilməsi səylərinə dəstək göstərib”, - deyə bildirilib.

Seçilən
22
9
hafta.az

10Mənbələr