Bakıda davam edən COP29 çərçivəsində noyabrın 19-da "İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib.
Publika.az xəbər verir ki, sessiya Heydər Əliyev Fondu, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, ICESCO və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə "Newman Partnership" təşkilatının təsisçisi Martin Nyuman panelin mövzusu haqqında məlumat verib, çıxışçıları təqdim edib. Ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü ilə bağlı videotəqdimat olub.
Sonra Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Françeska, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti xanım Dana Firas və Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondu Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış ediblər.
Çıxışlarda mədəniyyət layihələrinin, vasitələrinin və bu sahədə çalışanların ilhamlandırıcı və dəyişdirmək imkanları barədə söz açılıb. Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və "İqlim üçün mədəniyyət" təşəbbüsünün bu sahədə cəhdlərin nümayiş etdirilməsində, mədəniyyətin bütün dünyada davranış dəyişikliyinin katalizatoru kimi gücünün artırılmasındakı rolu diqqət mərkəzinə çəkilib.
Qeyd olunub ki, araşdırmalara əsasən, istixana effekti yaradan qazların təqribən 72%-i fərdi davranış və qərarların nəticələrinə aid edilə bilər. Bu, nəticələrin yüngülləşdirilməsi, adaptasiya üçün maliyyə mexanizmləri, emissiyaların azaldılması istiqamətində ambisiyalı hədəflər və öhdəliklərlə yanaşı, insan davranışında qətiyyətli dəyişikliyin də iqlim böhranı ilə mübarizədə vacib vasitələrdən biri kimi nəzərdən keçirilməli olduğunu göstərir.