AZ

COP for Hope: Səhiyyə məsələləri COP29-un gündəmində mərkəzi yer tutur - Hans Kluge - FOTO

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.

Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klugedir.

Milli.Az bildirir ki, Hans Kluge COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində tədbirin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

"Azərbaycanda səhiyyə naziri, xarici işlər naziri və baş nazir ilə ikitərəfli görüşlər keçirdim. Burada keçirdiyim iki günə görə Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə səmimi təbriklərimi bildirmək istəyirəm - COP29 həqiqətən təsir edicidir", - o qeyd edib.

H.Kluge vurğulayıb ki, Azərbaycan bu cür geniş miqyaslı tədbiri cəmi doqquz ay ərzində hazırlaya bilib, halbuki COP30 üçün Braziliyaya iki il vaxt ayrılıb.

"COP29 ən yüksək səviyyədə təşkil olunub. Bir həkim olaraq məni xüsusilə sevindirir ki, səhiyyə məsələləri gündəlikdə mərkəzi yer tutur. COP-da Azərbaycanın sədrliyi, səhiyyənin qlobal iqlim müzakirələrinin prioritetləri arasında qalmasını təmin etmək üçün Birləşmiş Ərəb Əmirlikləri, Misir, Braziliya və Böyük Britaniya kimi dörd sədr ölkənin səylərini birləşdirir. Bu, həqiqətən heyranedicidir", - deyə o vurğulayıb.

H.Kluge bildirib ki, dünya bu COP-da karbon emissiyalarının azaldılmasına dair real öhdəliklər göstərməlidir.

"Səhiyyə sektoru niyə vacibdir? Ümumilikdə bu sektor qlobal emissiyaların 5 faizini təşkil edir ki, bu da dünyadakı bütün təyyarələrin yaratdığı emissiyalardan iki dəfə çoxdur. Səhiyyə böyük bir çirkləndirici ola bilər, amma pozitiv tərəfdən baxsaq, bu sektor "yaşıl iqtisadiyyatın" inkişafına mühüm töhfə verə bilər. Qlobal istiləşməni 1,5 dərəcə Selsidən aşağı səviyyədə saxlamaq üçün ciddi səylər göstərməliyik, çünki bu, səhiyyənin bütün aspektlərinə təsir edir. Məsələn, İtaliyada əvvəllər rast gəlinməyən tropik xəstəliklərə, məsələn, Qərbi Nil virusuna rast gəlirik. İspaniya isə daşqınlara hazır deyil: 200-dən çox insan həyatını itirib və insanlar hələ də əziyyət çəkir. İqlim dəyişikliyinin təsirləri yoxa çıxmayacaq, və biz bununla birbaşa mübarizə aparmalıyıq", - deyə o əlavə edib.

"Həmçinin, Azərbaycanı təbrik etmək istəyirəm ki, rəhbərliklə müzakirələrimə əsasən, COP29 "yaşıl" iqtisadiyyata keçid üçün dönüş nöqtəsi kimi qəbul edilir. Azərbaycanın səhiyyə naziri Teymur Musayev mənə bildirdi ki, beş il ərzində bütün xəstəxanalar "yaşıllaşdırılacaq". Bu, təsirli bir qərardır", - deyə ÜST-ün regional direktoru əlavə edib.

O vurğulayıb ki, iqlim dəyişiklikləri səhiyyənin bütün aspektlərinə təsir göstərir.

"COP29 çərçivəsində müzakirə olunan bir mühüm mövzuya diqqət çəkmək istəyirəm - psixi sağlamlıq, xüsusən də gənclər arasında. Yeni bir termin - "eko-təşviş" yaranıb, bu da gənclərin gələcək haqqında narahatlığını ifadə edir. Gənclər gələcəyi daha çox qaranlıq rənglərdə görür, əvvəlkindən daha az ümid bəsləyirlər. Bu, depressiyaya və "iqlim yorğunluğu" deyilən vəziyyətə gətirib çıxara bilər. Bizim araşdırmalar göstərir ki, temperaturun 1 dərəcə Selsi artması, gənclər arasında intihar hallarının 1 faiz artması ilə əlaqəlidir.

Bu, iqlim dəyişiklikləri ilə sağlamlıq arasında birbaşa əlaqəni aydın şəkildə göstərir. Məsələn, Avstraliyadan məlumatlar göstərir ki, istilik dalğaları həm psixi, həm də davranış pozuntularını artırır. Bu problemi daha dərindən araşdırmalıyıq. Bundan əlavə, iqlim böhranı ilə mübarizənin ön cəbhəsində olan tibb işçiləri psixi sağlamlıq aspektləri ilə işləmək üçün xüsusi hazırlıq keçməlidirlər. ÜST bu sahədə tədqiqatları fəal şəkildə inkişaf etdirməyi planlaşdırır", - deyə H.Kluge vurğulayıb.

H.Kluge nəqliyyatın səhiyyə sahəsindəki ekoloji təsirlərinə də diqqət çəkib.

"Araşdırmalarımız göstərir ki, çirklənmənin əsas mənbələrindən biri tibb müəssisələri arasında nəqliyyatdır. Bununla belə, bu sahəni ekoloji cəhətdən inkişaf etdirmək üçün perspektivli layihələr mövcuddur: teletibb, rəqəmsal səhiyyə texnologiyalarının tətbiqi və dərmanların çatdırılması üçün pilotsuz uçuş aparatlarının istifadəsi. Bu tədbirlər təkcə karbon izini azaltmır, həm də tullantıların daha səmərəli idarə edilməsinə kömək edir. Biz artıq bu məsələlərlə bağlı tövsiyələr hazırlamışıq. Bundan əlavə, süni intellekt daxil olmaqla, rəqəmsal alətlərin istifadəsi səhiyyə sektorunda karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək", - deyə ÜST-ün regional direktoru əlavə edib.

O bu sahədə bir sıra mühüm təşəbbüslərdən danışıb.

"Birincisi, ÜST-ün Bonn şəhərindəki (Almaniya) Ətraf Mühit və Sağlamlıq Mərkəzi istilik şəraitində sağlamlıq mühafizəsi üzrə fəaliyyət planları üçün qlobal tövsiyə prinsipləri hazırlayıb. Bu, çox vacibdir, çünki istilik, iqlim dəyişikliklərinə bağlı ölüm hallarının əsas səbəbidir. Hər il istilik səbəbindən 174 000 nəfər həyatını itirir. Keçən yay müşahidə tarixində ən isti yay oldu və belə rekordların davam edəcəyi ehtimalı yüksəkdir. İstilik şəraitində sağlamlıq mühafizəsi üzrə fəaliyyət planları insanların həyatını xilas etmək üçün zəruridir.

İkincisi, fevralın 27-də İslandiyanın Reykyavik şəhərində İslandiyanın keçmiş Baş naziri Katrin Yakobsdottir ilə birgə iqlim dəyişiklikləri və sağlamlığın mühafizəsi üzrə yeni Ümumavropa Komissiyasını istifadəyə verirəm. Komissiyanın məqsədi, iqlim dəyişikliklərinə qarşı mübarizədə səhiyyə sektorunun liderliyini gücləndirməkdir. Həmçinin, Azərbaycanın baş nazirinə və səhiyyə nazirinə ölkədən bir nümayəndə təyin etməyi təklif etdim. Komissiya 11 yüksək səviyyəli siyasi komissardan ibarət olacaq. Bu, COP29 ilə COP30 arasında davamlılığı təmin etməyə və Azərbaycanın əhəmiyyətli nailiyyətlərini nümayiş etdirməsinə imkan verəcək", - deyə o vurğulayıb.

H.Kluge Azərbaycanın rəqəmsal texnologiyaları və ekoloji həlləri birləşdirən "ağıllı" kəndlər konsepsiyasına heyranlığını ifadə edib.

"Bu, həqiqətən qabaqcıl bir yanaşmadır", - deyə o bildirib.

ÜST-ün regional direktoru əlavə edib ki, təşkilatın sağlamlıq və ətraf mühitin inteqrasiyasını təmin edən unikal təşəbbüsü mövcuddur.

"Biz hər beş ildən bir Ətraf Mühit və Sağlamlıq üzrə Nazirlər Konfransı keçiririk. Sonuncu konfrans keçən il Macarıstanın Budapeşt şəhərində baş tutdu. Orada biz 53 üzv dövlətlə iqlim dəyişiklikləri, bioloji müxtəlifliyin itirilməsi və ətraf mühitin çirklənməsi ilə bağlı üçqat böhranı həll etmək üçün konkret tədbirlər barədə razılığa gəldik", - deyə Hans Kluge fikrini tamamlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
2
milli.az

3Mənbələr