AZ

Millimizin “MÖHTƏŞƏM PERFORMANSI” – Bizə cadugər lazımdır, yoxsa futbol?

“Azərbaycan ictimaiyyətinin yığmadan gözləntiləri çox böyük idi, lakin ictimaiyyət özü-özünü aldadırdı. Çünki ictimaiyyət reallığı nəzərə almır və elə bilir ki, Santuş cadugərdir, AFFA prezidenti Rövşən Nəcəf onu gətirib ki, sehr etsin və Azərbaycanda futbol olsun”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

Həmsöhbətimiz ötən gün Azərbaycan millisinin UEFA Millətlər Liqasının C divizionunun I qrupunda İsveçlə keçirdiyi oyunu və millimizin qeyri-stabil performansını şərh edib.

N. Muxtarlıya görə, İsveçlə oyun göstərdi ki, Santuşda sehr yoxdur və futbol cadugər vasitəsilə inkişaf etmir:

“İndi də ictimaiyyət futbolçuları günahlandırır, amma yenə də səhvə yol verir. Futbolçularda zərrə qədər də günah yoxdur. Onlar öyrəndikləri kimi oynayırlar, çünki onlara futbolun belə oynandığını tədris ediblər. Bu uşaqlarda heç bir günah yoxdur. Bizdə futbolçu belə yetişdirilir, Avropada isə başqa cür. Ona görə də AFFA rəhbərliyi yığmaya cadugər gətirməli deyildi, futbol məktəbləri yaratmalı, orada Avropa standartları qurmalı idi. Lakin Rövşən Nəcəf və komandası eynən Rövnəq Abdullayevin yolu ilə gedir”. Rövnəq Abdullayev 2005-2015-ci illəri əhatə edən futbolun inkişaf proqramını “yedi”. Rövşən Nəcəf də milyonlar verib xaricdən bahalı şirkət gətirib ki, futbolumuzun inkişaf strategiyasını qursun. Cəfəngiyatdır. Məqsəd yeni Dövlət Proqramının qəbul edilməsidir. Bu proqramı da Rövşən Nəcəfin komandası “yeyəcək”.

“Uzun illərdir Azərbaycan futbol təsərrüfatı naşı, diletant, qeyri-peşəkar insanların əlindədir. Onların məqsədi ancaq və ancaq pul “yumaq”dır. Belə mühitdə də futbolçu yetişməz. Belə mühitdə yetişən futbolçuların oynadığı futbol elə belə də olur. Azərbaycan yığması heç vaxt nəticə verməyəcək. Çünki idarəçilər dəyişmir. Bu diletantlarla nəyəsə nail olmaq mümkün deyil. İctimaiyyət isə ya Santuşun istefasını tələb edəcək, ya da futbolçuları qınayacaq, vəssalam. Hara gedirik? Bəlli deyil, çünki yolumuz yoxdur. Biz bataqlığa düşüb orada çabalayırıq. Hələ uzun illər belə olacaq, futbola peşəkarlar rəhbərlik edənə qədər”.

İdman jurnalisti Kənan Məstəliyev isə düşünür ki, milli komandanın məğlubiyyəti bizim üçün yeni bir şey deyil:

“Biz bundan əvvəllər də böyük hesablı məğlubiyyətlərə uğramışıq. Elə həmin İsveç yaxın tarixdə bizə beş top vurmuşdu. Digər rəqiblərə də böyük hesabla məğlubiyyətlərə düçar olmuşuq. Yəni milli komandanın böyük hesablı məğlubiyyətləri bizim üçün yenilik deyil. Yenilik ondan ibarətdir ki, artıq biz D Liqasındayıq, yəni Avropa futbolunun ən dibində, mümkün ola biləcək ən son nöqtəsində özümüzə yeni bir yer tapdıq”.

O, xatırladıb ki, əslində, Millətlər Liqasının yarananda Azərbaycan yığması əvvəlcə D Liqasında olub:

“Biz əvvəl də oradaydıq, amma sonradan Avropa Liqası bir qədər yenilənmə edəndən sonra biz reytinqə görə C Liqasına salınmışdıq. Halbuki, elə yerimiz D Liqası idi və yerimizə qayıtdıq. Azərbaycan milli komandası məğlubiyyətlərə öyrəşmiş komandada. Biz də azarkeşləri olaraq onunla birlikdə buna öyrəşmişik. Sadəcə, görünən odur ki, bu illər ərzində heç nə dəyişməyib. AFFA rəhbərliyi, futbolçular, məşqçilər dəyişsə də reallıqda heç nə dəyişməyib. Çünki milli komanda növbəti dəfə böyük hesabla məğlub olur və əlinə düşən imkanlardan futbolçularımız yararlana bilmir. Odur ki, deyiləcək o qədər problem var ki, onların hamısını bir yerə toplamaq mümkün deyil”.

K. Məstəliyev əlavə edib ki, Azərbaycan futbolu bu gün özünün ən dib nöqtəsinə gəlib çatıb:

“Bu, təkcə milli komandanın nəticələri ilə yaranan bir fikir deyil. U15, U17, U19, U21, eləcə də bütün aşağı yaş qruplarında olan komandalarımız, qadınlardan ibarət yığma komandalarımızın hamısı məğlub olmağa başlayıb, özü də kütləvi şəkildə. Artıq biabırçı bir vəziyyət yaranıb və Azərbaycan futbolu özünün ən son, ən dib nöqtəsinə gəlib çatıb. Bundan sonra isə deyiləcək, danışılacaq heç nə yoxdur”.

Mütəxəssisin fikrincə artıq futbolda çox ciddi islahatlar aparılmalıdır:

“Strategiya ən başdan başlamalıdır. AFFA-dakı köhnə kadrlar çıxarılmalıdırlar. Hansılar ki, bu yığma komandanın bu vəziyyətə düşməsində birbaşa günahkardırlar. Bundan başqa, region, uşaq futbolunda və idarəetmədə köhnədən kim varsa, hamısı silinib atılmalı, bu gün ərizə yazıb yola salınmalı və təzə nöqtədən başlanılmalıdır. Yoxsa ki, biz hələ belə məğlubiyyətləri çox görəcəyik. Kökündən kəsilib, kökü təmizlənməyincə ,yeni bir layihə ortaya qoyub, yeni bir iş başlamayınca, Azərbaycan futbolunun gələcəyi yoxdur”.

Rafi Müslümov

Seçilən
16
32
yenicag.az

10Mənbələr