AZ

Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir müddət davam edən gərginlikdən sonra Gürcüstanın işğal altındakı Abxaziya regionunda sabitlik yaranıb. Lakin bunun nə qədər davam edəcəyi bəlli deyil. Özünü müstəqil elan edən, Rusiyanın himayəsi altında olan qondarma respublikada müxalifətlə hakimiyyət arasında gərginlik "prezident" Aslan Bjaniyanın istefasına səbəb olub. Onunla yanaşı, "baş nazir" Aleksander Ankvab da öz vəzifəsini tərk edib. Ankvab 2011-2014-cü illərdə qondarma respublikaya rəhbərlik edib. Rusiya ilə yaxınlaşmağın, rus dilinin statusunun qaldırılmasının tərəfdarı olub. Bjaniyanın vəzifəsini "vitse-prezident" Badra Qunba icra edəcək. Abxaziyada "hökumət" və müxalifət nümayəndələri "prezident" Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş də imzalayıblar.
Etirazların səbəbi yerli "hakimiyyət"in Rusiya ilə investisiya sazişini ratifikasiya etmək niyyətidir. Etirazçıların fikrincə, bu, iri rus şirkətləri tərəfindən yerli biznesin sıxışdırılmasına gətirib çıxaracaq. İğtişaşlar noyabrın 11-də təhlükəsizlik qüvvələrinin beş müxalifətçini saxlamasından sonra başlayıb. Fəallar sərbəst buraxıldıqdan sonra mitinqlər müvəqqəti olaraq dayandırılıb, lakin noyabrın 15-də parlament sazişin ratifikasiyası məsələsinə baxmalı olanda yenidən başlayıb.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Rusiyaya qarşı ilk etiraz
Beləliklə, ilk dəfədir ki, Abxaziyada Rusiyaya qarşı narazılıq yaşanır. Özü də proses Rusiya ilə Gürcüstan arasında münasibətlərin normallaşması dövrünə təsadüf edir. Gürcüstan ərazisi olan bölgəyə nəzarət Rusiyanın əlində olsa da, gələcəkdə vəziyyət dəyişə də bilər. Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı? Bunu zaman göstərəcək.
Gürcüstandan baxış
Qondarma qurumda baş verən hadisələr Gürcüstanın siyasi gündəminə elə də təsir etməyib. Hələlik bu ölkənin nə hökuməti, nə də siyasi partiyaları Abxaziyada baş verənləri dəyərləndirməyib. Bu mövzu media məkanında və sosial şəbəkələrdə də görünmür. Yeganə istisna Mixail Saakaşvilinin "Facebook"da abxazların gürcülərin etməli olduqlarını etdiklərini, yəni "Rusiyanın müstəmləkə qanununu" blokladıqlarına dair şərhidir. Hazırda həbsdə olan eks-prezident bildirib ki, Suxumidəki nümayişlər Gürcüstanın qalan hissəsi üçün nümunədir, lakin onların öz riskləri də var. "Abxazlar Rusiyanın müstəmləkəçilik qanununu əngəlləməklə bütün Gürcüstanın işini gördülər. Bununla belə, abxazların qələbəsində bir təhlükə var: onlar öz uğurlu mübarizəsi ilə Qərbin rəğbətini qazanacaqlar. Bu, bizi Gürcüstanın qalan hissəsində mübarizəmizi qələbəyə aparmağa məcbur edir. Əks halda, demokratik dünyanın Gürcüstandan üz döndərib rəğbətini abxazlara yönəltməsi təhlükəsi var və bu, bizə geri çəkilmək şansı qoymur", - deyə Saakaşvili bildirib.
Gürcüstan hökumətinin abxaz siyasəti yoxdur
Ümumiyyətlə, Abxaziya hadisələrinin təhlili ilə bağlı Tbilisidə kəskin böhran hökm sürür. Hökumətin abxaz siyasəti yoxdur. Gürcüstan mətbuatına gəlincə, Abxaziya ilə Rusiya arasında münasibətlərdə böhranın Suxuminin Tbilisiyə tərəf dönməsinə səbəb olduğu ehtimalları güclüdür. Əksər gürcülər tərəfindən Suxumidə baş verənlər sevinclə qarşılanır. Onlara elə gəlir ki, abxazlar doğrudan da Rusiyaya qarşı üsyan ediblər. Reallıqda Abxaziyadakı etirazlar torpaq mülkiyyət hüquqları, institusional nəzarətin olmaması və müxtəlif siyasi qruplar arasında daxili mübarizə ilə bağlı məsələlərə toxunur. Bu hadisələrdə heç bir demokratiya işarəsi və ya Suxuminin Gürcüstanla münasibətləri yaxşılaşdırmaq cəhdləri yoxdur. Kremlə Abxaziyada rus biznesini genişləndirmək lazımdır.
Rusiyadan asılılıq
Tanınmamış qurum iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Belə ki, Abxaziyanın keçmiş "xarici işlər naziri" İnal Ardzinba 2023-cü ildə demişdi ki, 2008-ci ildən Moskva onlara 110 milyard rubla yaxın vəsait verib. Bundan əlavə, 2023-cü ildə respublikanın ümumi xarici ticarət dövriyyəsinin 72%-i Rusiyanın payına düşüb. Həmçinin Abxaziya üçün müxtəlif imtiyazlar, o cümlədən payız-qış aylarında Rusiya Federasiyasından elektrik enerjisinin pulsuz tədarükü tətbiq edilib. Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç mart ayında qeyd edib ki, təkcə 2024-cü ildə Rusiyanın Abxaziyaya maliyyə yardımının həcmi 5,6 milyard rubl təşkil etməlidir. Rusiya hökuməti Abxaziyanın daxili proseslərinə qarışmadığını iddia edir. Onlar ümid edirlər ki, problemlər siyasi yolla həll olunacaq. Qafqaz üzrə ekspert Artur Atayev siyasi böhranın inkişafında optimist deyil: "İki barışmaz düşərgə yaranıb. Yaxşı olan odur ki, bir-birilərinə qarşı sərt addımlardan çəkinirlər. Bu o deməkdir ki, növbəti mərhələ vasitəçilik missiyasının ortaya çıxması olmalıdır. Amma bu rolu kimin üzərinə götürəcəyi hələ məlum deyil: Rusiya, Cənubi Osetiya, yoxsa başqası. İdeal olaraq, Abxaziya daxilində üçüncü qüvvə meydana çıxmalıdır, o zaman onun dövlətçiliyi gücləndirilə bilər. Təəssüf ki, indiyə qədər gördüyümüz təkcə respublikanı gözdən salmaqdır".
Çox güman ki, Abxaziyada qurulacaq yeni "hakimiyyət" ilk növbədə Tbilisi ilə münasibətləri bərpa etməyə çalışacaq. Çünki bu həm də Abxaziyanın indiki blokada vəziyyətindən çıxmasına yardım göstərə bilər.
Seçilən
38
50
oxu.az

10Mənbələr