“İstərdim ki, təqdimatlarda heç olmazsa az da olsa, çatışmazlıqlar, problemlər, çağırışlar, süni və təbii maneələr haqqında da nələrsə deyilsin. Ola bilməz ki, hər şey 100 faiz yaxşı olsun”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, heç Norveçdə, Yaponiyada, Sinqapurda belə hər şey ideal deyil:
“Biz öz fəaliyyətimizə belə tənqidi rakursdan yanaşmasaq, inkişaf olmaz.
Boşluqları demək lazımdır, ciddi müzakirələr və fərqli fikirlər bir-birini antoqonist mövqeyə çəkməlidir ki, doğrular bilinsin.
Məqsədim tənqid yox, plüralizmə, fikir çoxluğuna və tənqidi yanaşmaya söykənən mülahizələrdir. İnkişaf üçün tənqidi yanaşma da olmalıdır və biz bunu birinci növbədə təqdimatlardan eşitməliyik.
Hesabalama Palatasının yanaşmasında doğru məqamlar var və onların qeyd etdikləri nöqsanlar aradan qaldırlmalıdır. Amma sual olunur, ki, onlar niyə ildən-ilə təkrarlanır?”.
Deputat qeyd edib ki, onun üçün vacib olan büdcə vəsaitinin səmərəli xərclənməsidir:
“Büdcədən xeyli vəsait ayrılır, amma uzunmüddətli səmərə effekti zəifdir.
Vəsaitlər ciddi nəzarət altında xərclənmir. Büdcə vəsaitləri şişirdilmiş rəqəmlərlə də xərclənir.
Bu barədə çox uzağa getmirəm, elə internet axtarış şəbəkələrində “büdcə yoxlaması”, “büdcə oğurluğu”, “şişirdilmiş büdcə vəsaiti”, “yeyinti” yazıb “ok” düyməsini basmaq bəs edir ki, aldığın informasiyanı həzm etmək üçün “festal”a ehtiyac duyasan. Mən demirəm ki, hər şey pisdir, amma narahatedici məqamlar var və nəzarət sistemi güclənməlidir.
Səmərəliliyin əldə olunması üçün hazırda mövcud qanunlara edilməli olan dəyişikliklərə də ehtiyac var və gərək bunlar edilsin. Səbəb nə olur-olsun, gecikdirmək olmaz.
Hesablama Palatasının sədri o məqamları çox gözəl bilir. Mənim üçün ən vacib məsələ büdcənin səmərəli xərclənməsi və uzunmüddətli inkişafa nail olmasıdır. Hamımız çalışmalıyıq ki, büdcə vəsaitinin xərcləndiyi hər bir manat özü ilə inkişaf gətirsin, dəyər yaratsın. Yarada bilirmi?”
R.Nurullayev vurğulayıb ki, vacib olan məsələlərdən biri də iş yerlərinin yaradılmasıdır:
“Xarici və daxili sərmayələrin cəlb olunması üçün aşkarlığın, şəffaflığın və qaydaların sadələşdirilməsi vacibdir. Hazırkı biznes mühiti çox da şəffaf və aydın deyil.
Məhz, elə bu səbəbdən ciddi sərmayələr daxil olmur. Əmlakın qorunması, toxunulmazlığı vacibdir. O layihələr tez reallaşır ki, onlar birbaşa cənab Prezidentin nəzarətindəri.
Şirkət yaratmaq asandır, bir gün tələb olunur. Bəs real olaraq, Azərbaycan reallığından çıxış edərək real işə başlamaq üçün nə qədər zaman tələb olunur?
Vergi qanunvericiliyi tam olaraq sadələşdirilməli və hər kəsin başadüşəcəyi formata salınmalıdır. Torpaqların tələb olunan qaydalar əsasında təyinatının dəyişdirilməsi üçün iştirakçı olduğum bir məclisdə eşitdim ki, az qala bu mümkün deyil. Belə bir halda yeni iş yerlərinin açılması ilə bağlı münbit şərait var deyə də bilmərik.
Deputat əlavə edib ki, kəndlərin inkişafı ilə bağı dövlət proqramı olamlıdır:
“Kənd yerlərinin inkişafı urbanizasiyanın qarşısının alınmasının ən asan yoludur. Amma, kəndlərimizdə vəziyyət yaxşı deyil. Hər kəs kəndləri tərk edib şəhərə axışır.
Qarabağda normal kəndlər salınır, biz Azərbaycanın hər yerində kəndləri inkişaf etdirməliyik. Bunun üçün də Kəndlərin inkişafı ilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasına ehtyac var.
Buna qədər isə, cənab Baş nazir xahiş edirəm ki, builki dövlət büdcəsində 21 kəndin inkişafı ilə bağlı dövlət vəsaiti nəzərdə tutulsun. 7 rayon seçilsin və hər birindən 3 kənd seçilməklə pilot layihə həyata keçirilsin.
Bura daxildir: kənd ərazisində biznes və istehsalat sahələrinin aydınlaşdırılması, bacarıqlı kənd adamlarından ibarət biznes kursu keçəcək adamların təlimə cəlb edilməsi, bələdiyyənin inkişaf layihəsinə cəlb olunması. Bələdiyyələrlə bağlı komitə iclasında qeyd etmişəm ki, bələdiyyələr çox işə görə bilər, əgər onlara dövlət dəstəyi olarsa.
Amma bu dəstək yardım şəklində yox. Bələdiyyə əlillik dərəcəsi almış şəxs deyil ki, yardım alsın. Bələdiyyələr və biznes qurumları birlikdə 50-50-yə biznes qursunlar. Həm bələdiyyə öyrənsin, həm də biznes maraqlı olsun. Elə subvesnisyalar müştərək layihələr yönlənsin. Kənd mədəniyyətinin formalaşdırılması üçün təlimlər və dövlət hesabına bəzi infrastruktur layihələrin həyata keçirilməsi də vacibdir.
Çox xahiş edirəm ki, bu məsələ ciddi müzakirə olsunsun və elə bu ilin büdcəsində müəyyən məbləğ nəzərdə tutulsun”.
Razi Nurullayev qeyd edib ki, hazırda mövcud qanunvericiliyə görə sənəd olmadan heç kim evinə qaz, su, işıq çəkə bilmir:
Daha böyük ev və torpaq sahəsi olanlara isə 3-4 min manat tələb olunur. Bu vəziyyətdən dolayı kəndlərdə təbii qaz axını olsa da, onlar sənədləşmə tələbi ucbatından evlərinə qaz xətti çəkə bilmir.
Əgər bu tələb 10 il də davam etsə, elə ailələr var ki, onlar o tələbi heç zaman yerinə yetirə bilməyəcəklər. Bu məsələ ilə bağlı sadələşmə lazımdır.
İcra hakimiyyətinin arayışı ilə qaz çəkilişinə icazə verilməsi vacibdir.
Bütövlükdə isə sənədləşmənin həyata keçirilməsi üçün dövlətdən sosial yardım alan, əlillik dərəcəsi olan, şəhid ailəsi, müharibə veteranı və digər güzəştli kateqoriya insanlar üçün sənədləşmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılsın, ya da onlardan vəsait tələb olunmasın.
Bütün hallarda, onlar bu şəkildə sənədləşməyə getməyəcəklər. Kənd yerlərində səhiyyə məntəqələrinin tikilməsi, bərpası və təmiri üçün vəsait nəzərdə tutulmalıdır”.
R.Nurullayev yarımçıq qalan işlərin tamamlanmasının da zəruri olduğunu deyib:
“İmişlinin kanalizasiya sistemi çəkilib və yarımçıq qalıb. Küçələrə asfalt vurulur, nə zamansa, kanalizasiya çəkiləndə o yollar dağılacaq.
Kanalizasiya sistemi olmadan şəhərin səmərəli və planlı inkişafı mümkün deyil. Xahiş edirəm, cənab Baş nazir, İmişlinin yarımçıq qalmış kanalizasiya sisteminin tamamlanması üçün vəsait ayrılsın.
Bu gün kanalizasiya sistemi olmadığı üçün bir çox evlər və hündürmərtəbəli evlər basdırılmış mina üzərində yaşamalı olur. Keçən çağırışda bu məsələni hər il qaldırmışam, amma nəzərə çarpacaq dərəcədə belə irəliləyiş olmayıb.
Hazırda İmişli şəhərində peşə məktəbinin təmiri gedir. Bu məsələ rayon üçün çox vacib idi. Təhsilzsiz, peşəsiz insan, ölkə, rayon, Saxara səhrasında susuz və dəvəsiz kimidir.
Bu işdə bizə köməklik edən hökumətə, Elm və Təhsil Nazirliyinə və Peşə Təhsili üzrə Dövlət Agentliyinə təşəkkürümü bildirirəm”.