Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Yaxın Şərqdə aqressiv hərəkət etdiyini bildirib.
Vladimir Putin VTB bankın təşkil etdiyi beynəlxalq investisiya forumunda iştirak edib. Forumda çıxış edən Vladimir Putin Qərbin iqtisadiyyat sahəsində Rusiyaya strateji məğlubiyyət yaşatmağa çalışdığını, lakin buna nail ola bilmədiyini qeyd edib. Putin Qərb siyasətçilərinin Rusiya ilə əməkdaşlıq edən ölkələrə təzyiq göstərdiklərini və bu ölkələri sanksiyalarla hədələdiklərini vurğulayıb. O, “Dünya dəyişir və hər şey istənildiyi kimi getmir. Onlar çoxqütblü dünya nizamının formalaşmasını sürətləndirir” deyib.
ABŞ prezidenti Donald Trampın “BRİKS ölkələri dollardan başqa valyuta istifadə edəcəkləri təqdirdə 100 faiz gömrük rüsumu ilə üzləşəcəklər” açıqlamasına münasibət bildirən Vladimir Putin Trampın 4 ildir Ağ Evdə olmadığını xatırladaraq, bu müddət ərzində dünyada və Amerika iqtisadiyyatında dəyişikliklərin baş verdiyini qeyd edib. O, Trampın siyasi rəqiblərinin dolların nüfuzunu sarsıtmaq üçün çox şey etdiklərini də bildirib.
ABŞ-ın Yaxın Şərqdəki hərəkətlərini də qiymətləndirən Vladimir Putin Amerika Birləşmiş Ştatlarının bu regionda aktiv və kifayət qədər aqressiv davrandığını vurğulayıb. ''Bu, bölgədəki müqavimət qüvvələrinin reaksiyasına səbəb olur, iqtisadiyyat və logistika yolları zədələnir. Bir çox mal daşıyıcısının Afrikanı dolaşaraq gəmilərini göndərməyə başladı'',- deyə Vladimir Putin söyləyib.
Qərb ölkələri ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini qeyd edən Putin, bunun "qaçılmaz bir proses" olduğunu ifadə edib.