Qoşulmama Hərəkatına üzv ölkənin KTMT-yə dəvət edilməsi bölgəyə nə vəd edir?
Rusiya Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov qəribə təkliflə çıxış edib. O, İranın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünə qəbul edilməsini dilə gətirib. Rus deputat bildirib ki, indiki məqamda İranın KTMT-də olması bu təşkilatın güclənməsinə ciddi töhfə verə bilər.
Yada sala ki, ötən il KTMT-nin Belarusda keçirilən təlimlərinə müşahidəçi qismində dəvət alan ölkələrdən biri də İran olub. Bu təşkilatda Rusiya ilə yanaşı İrana yaxınlığı ilə seçilən Ermənistan da var. Hərçənd hazırda fəaliyyətini “dondurub”. Digər üzv ölkələrin də Tehranla əlaqələri pis deyil. Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.
İranın bu təşkilata qoşulacağı indilikdə inandırıcı görünmür. Çünki İran mümkün qədər hərbi ittifaqlardan qaçır. Digər tərəfdən, Tehran KTMT-yə üzv olmaqla özünü daha sərt formada hədəfə çevirmiş olar.
Təbii ki, İran bu bloka qoşulmaqla Rusiyanın əlini gücləndirmiş ola bilər. Ukrayna münaqişəsində Rusiyanı dron və raketlə təmin edən müttəfiq bir ölkədir. Sadəcə, indiyədək İran heç bir hərbi bloka üzv olmayıb. Ən vacib detal isə bu ölkənin Qoşulmama Hərəkatının üzvü olmasıdır. O halda, İran KTMT-yə qoşula bilməz. Bu hərəkatın məramı da hərbi bloklara qoşulmamaqdır. O zaman, Duma üzvü bu faktı bilmirmi? Maraqlıdır, nə üçün İran KTMT-yə dəvət edilir? Rusiyadan bu çağırışa cənub qonşumuz hansı reaksiyanı verəcək və Azərbaycan üçün burada nə kimi risklər var? Halbuki ötən həftə İran və Azərbaycan xüsusi təyinatlıları birgə təlimlər keçiriblər.
Mümkündür ki, Rusiyanın bu müharibədə çoxlu “qan itirməsi” hərbi müttəfiqləri ilə mövqelərini daha da gücləndirməsinə zərurət yaradıb. Hər iki ölkə Suriyada strateji cəhətdən ciddi zərbə aldılar və geosiyasi nüfuza zərər dəydi. Ukrayna müharibəsində də az qala birlikdə hərəkət edirlər və “izqoy” siyasəti Moskva ilə Tehranı getdikcə daha da biri-birinə yaxınlaşmaq ehtiyacı yaradır. Amma bunun üçün gərək İran Qoşulmama Hərəkatını tərk etsin və sonra KTMT-yə üzv olsun. Bu zaman Rusiya öz ərazilərinə raket zərbələri endirilməsini əsas gətirərək KTMT üzvü kimi İrandan kömək istəyə bilər. Necə ki Şimali Koreya ilə ratifikasiya edilmiş hərbi əməkdaşlıq sazişini göstərərək bu ölkənin hərbçilərini Rusiyanın Kursk vilayətinə cəlb ediblər. Əgər belə bir ssenari baş tutarsa, İran KTMT üzvü kimi həm də Ermənistana dəstəyini artıra bilər. Xüsusən Zəngəzur dəhlizi ilə bağlı məsələdə İrəvanla “mismarı bir yerə vurmağa” çalışacaqlar. Baxmayaraq ki, dəhlizin işə düşməsi İranın müttəfiqi Rusiyaya lazımdır...
Şair Ramaldanov
Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a dediyinə görə, bu dəvətdə təəccüblü heç nə yoxdur: “KTMT təhlükəsizliklə bağlı təşkilatdır və nizamnamədə şərtlər də qeyd olunub. İranın bu təşkilata üzvlüyü üçün heç bir hüquqi və faktiki məhdudiyyət yoxdur. Çünki orada qoşulmaqla bağlı müstəqil mexanizm var. Faktiki hal da budur ki, Rusiya və İran hərbi müttəfiqdirlər, Tehranın KTMT-yə üzvlüyü problem olmamalıdır”. Polkovnikin fikrincə, İranın bu addımı atmasına səbəb ABŞ və İsrailin gələcəkdə hücumlarına hazırlıqla bağlı ola bilər: “Suriyada Əsəd rejiminin çöküşündən sonra ABŞ və İsrailin İrana hücum edəcəyi gözləntiləri var. İran da anlayır ki, bu meydanda tək qalması hadisələri hara gətirib çıxara bilər. Ona görə də özünə müttəfiq axtarmağa başlayacaq. Hazırda dünyada artıq bloklar, qütblər yaranmaqdadır. Belə şəraitdə İranın KTMT ailəsinə qoşulması istisna deyil”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova bu təklifin tezliklə reallaşacağını gözləmir. Onun ehtimalına görə, İran gedişatı dəyərləndirərək qərar verə bilər. Ekspert təklifin bir deputatdan gəldiyini bildirir və KTMT səviyyəsində hər hansı çağırış olmadığını xatırladır: “Duma üzvü Moskvanın arzularını ifadə edib. Amma KTMT rəsmi şəkildə dəvət göndərməlidir. İran Qoşulmama Hərəkatının üzvü kimi balansı qorumağa çalışır və gərginliyi artırmaq istəmir. Qərbin İranı vurmaq planı işə düşərsə, köməyinə gələcək ölkələr olacaq. Biri Rusiyadırsa, digərləri Çin və Hindistan ola bilər. Həmçinin İranın proksi gücləri var, düzdür, xeyli zəifləyiblər, amma qalırlar. Hətta Yəmən, İraq da Tehrana dəstək ola bilər. Mən buna daha çox Rusiyanın ehtiyacı kontekstində baxıram. Yəni çağıran tərəf ruslardır. Ukraynada düşdükləri vəziyyət müttəfiqlərinə daha möhkəm sarılmaq zərurəti yaradıb. İrandan belə istək eşidilməyib ki, KTMT üzvü olmaq istəyir. Üstəlik, bu təşkilat ona nə verəcək? Ermənistan belə oradan üz döndərir. Sadəcə, adı qalıb və fəaliyyəti effektiv deyil. İndi Türk Dövlətləri Təşkilatının öz təhlükəsizlik çətirinin yaranması müzakirə edilir. Sabah belə bir plan reallaşanda Qazaxıstanla Qırğızıstan KTMT-yə əhəmiyyət verməyəcək”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsası 1992-ci il mayın 15-də 6 ölkənin - Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub, üzvlərin sayı 9-a qalxıb. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün - 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib. 2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar və KTMT üzvlərinin sayı 6-ya düşüb. 7 oktyabr 2002-ci ildə KTMT-nin nizamnaməsi qəbul olunub. Nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”