Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti başa çatsa da, tədbirlə bağlı təəssüratlar, habelə, sammitin nəticələrindən irəli gələn vəzifələrin müzakirəsi davam edir.
Sammitlə bağlı diqqət çəkən məqamlardan biri tədbirin yüksək təhlükəsizlik şəraitində təşkili ilə bağlıdır.
Maraqlıdır, 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitdə təhlükəsizliyin yüksək səviyyədə təşkili hansı mətləblərdən xəbər verir?
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
"COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir.
Beynəlxalq sammit zamanı ölkəmizə gələn 80 minə yaxın qonağın təhlükəsizliyi etibarlı şəkildə təmin edildi ki, bu da hər şeydən öncə güc orqanlarımızın - Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığını göstərir. Bu fakt bi daha sübut edir ki, ölkəmizin hüquq-mühafizə və təhlkəsizlik orqanlarında iş yüksək səviyyədə təşkil edilib və onların hazırlıq səviyyəsi beynəlxalq əhəmiyyətli ali tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinə imkan verir.
Şübhəsiz, COP29-un təhlükəsiz ortamda təşkili məsələsində DTX-nın üzərinə xüsusi məsuliyyət düşürdü. Qürurvericidir ki, adıçəkilən qurum bu işin öhdəsindən çox böyük bacarıqla gəldi. Sammit zamanı kiçik də olsa xoşagəlməz hadisə baş vermədi. Sammit sakit və təhlükəsiz bir ortamda öz fəaliyyətinə başladı və bu cür də başa çatdı.
Təşkilatçılıqla yanaşı, təhlükəsizliyin yüksək səviyyədə təşkili, qonaqlara göstərilən yüksək diqqət və qayğı ölkəmizə səfər edən hər kəsdə xoş təəssürat yaratdı. Əminliklə demək olar ki, Azərbaycan COP29-dan mənəvi-diplomatik baxımdan böyük qazancla çıxdı.
COP29-un yüksək səviyyədə təşkili bütün dünyaya göstərdi ki, ölkəmiz bu cür mühüm tədbirlərə ev sahibliyi etmək üçün ideal ölkədir. Yəqin ki, bu faktor gələcək tədbirlər zamanı da nəzərə alınacaq və ölkəmiz bundan sonra da öz zəngin təşkilatçılıq təcrübəsi ilə hər kəsi heyrətləndirməkdə davam edəcək".