Tramp administrasiyasına Rusiya ilə savaşda qalıb gəlmiş Ukrayna qətiyyən lazım deyil, əksinə, rəsmi Kiyev nə qədər aciz və Ağ Evdən asılı vəziyyətə düşərsə, bu, ABŞ üçün daha sərfəlidir... Çünki bu halda, rəsmi Kiyevə təzyiq göstərilməsi və ABŞ tərəfindən Ukraynanın təbii sərvətlərinin dəyər-dəyməzinə talan edilməsi üçün daha geniş imkanlar açılmış olacaq...
ABŞ və Qərbin Rusiya ilə qlobal qarşıdurmasında situasiya sürətlə dəyişməyə başlayıb. Belə ki, ABŞ-da keçirilən son prezident seçkiləri mövcud prioritetlərə yenidən baxmaq ehtiyacı yaradır. Hər halda, tezliklə indiki strateji hədəflərin yeniləri ilə əvəzlənə biləcəyinə yönəlik kifayət qədər ciddi neqativ əlamətlər mövcuddur. Və bu baxımdan, ABŞ-ın siyasi elitasında yaşayan kəskin ziddiyyətlər Ukraynanın gələcək taleyinin müəyyən olunmasında həlledici faktorlardan biri sayıla bilər.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşına münasibətdə səlahiyyət müddəti sona çatmaqda olan Bayden administrasiyası ilə yeni prezident Donald Trampın siyasi komandası arasında kəskin qarşıdurma mövcuddur. Belə ki, Bayden administrasiyası Ukrayna savaşının hələ davam etdirilməsinə yönəlik hərbi-siyasi kursun bloklanma ehtimalına müqavimət göstərir. Və bu məqsədlə hətta ən radikal addımların atılmasından belə, çəkinmir.
Məsələ ondadır ki, rəsmi Kiyevin uzun müddətdən bəri Ağ Evdən israrla ABŞ silahları ilə Rusiyanın dərinliklərinə zərbə icazəsi xahiş edirdi. Ancaq Bayden administrasiyası bunu Ukraynaya prinsipial şəkildə qadağan edirdi. Ancaq Bayden administrasiyası öz səlahiyyətlərinin bitiminə qısa müddət qalmış rəsmi Kiyevə belə bir icazə verdi. Və nəticədə Ukrayna savaşı qlobal müharibəyə keçid edə biləcək mərhələyə qədəm qoydu.
Belə anlaşılır ki, Tramp administrasiyasının səlahiyyətlərinin icrasına başlaması ilə start götürə biləcək yeni situasiya hazırda Ağ Evdə qərar verənlərin maraqlarına uyğun deyil. Ona görə də, Ukrayna savaşını dayandıracağı ilə bağlı vədlər verən və artıq bu istiqamətdə müəyyən səhnə arxası addımların atılmasına başlamış Tramp administrasiyası üçün geriyə dönüşü mümkün olmayacaq situasiyanın yaradılmasına cəhd göstərilir. Və bu baxımdan, daha qəliz situasiya ilə üzləşmək təhlükəsi qarşısında olan Tramp administrasiyasının necə davranacağı böyük maraq doğurur.
Son məlumatlara görə, Tramp administrasiyası Ukrayna savaşına münasibətdə "Kelloq planı" üzrə hərəkət etmək niyyətindədir. Həmin plana görə, Rusiya ilə Ukraynanın ərazi itkiləri hesabına sülh anlaşması nəzərdə tutulur. Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyaların tədricən ləğvi planlaşdırılır. Eyni zamanda, rəsmi Kiyevə Ukraynanın ərazi itkiləri hesabına sülh anlaşması üçün sərt təzyiqlərin göstərilməsinə hazırlıq görülür. Və bu baxımdan, Ukraynanın gələcək taleyinin olduqca böyük təhlükə qarşısında olduğu qətiyyən şübhə doğurmur.
Maraqlıdır ki, Tramp administrasiyasının planları barədə açıqlama verən ABŞ-ın nüfuzlu təhlükəsizlik mütəxəssisi Con Bolton da Ukrayna savaşı ətrafında situasiyanın tezliklə dəyişə biləcəyini vurğulayıb. Onun fikrincə, prezident Donald Trampın hakimiyyət dövrü Qərb ölkələri və Ukrayna üçün pozitiv heç nə vəd etmir. Çünki Tramp administrasiyası səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ Ukraynaya bütün yardım "pəncərə"lərini qapadacaq. Və əgər, bu, baş verərsə, Avropa Birliyi də Ukraynaya dəstəyi zəiflətmək məcburiyyətində qalacaq.
Digər tərəfdən, Rusiya təhlükəsi Avropa dövlətləri üçün əsas təhdid qaynağına çevriləcək. Ona görə də, Avropa Birliyi Rusiya ilə qarşıdurma vəziyyətindən çıxaraq, siyasi-iqtisadi münasibətləri bərpa etmək barədə düşünməli olacaq. Əslində, Rusiyaya qarşı sanksiyaların əks təsirlərindən və Ukrayna savaşının maliyyə yükünündən yorulmuş Avropa Birliyi ölkələri Kreml ilə iqtisadi münasibətlərin bərpasına elə indidən ehtiyac duyur. Və ABŞ-ın Ukrayna savaşından uzaqlaşmağa başladıqda bu, artıq qaçılmaz prosesə çevrilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Kremldə Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başlamasını böyük səbirsizliklə gözləyirlər. Rusiya siyasi dairələri Tramp administrasiyası ilə münasibətlər qura biləcəklərinə qətiyyən şübhə etmirlər. Kremldə ümumi qənaət ondan ibarətdir ki, Bayden administrasiyasının hazırda Rusiyaya qarşı atdığı addımlar ilk növbədə prezident Donald Trampın Ukrayna savaşını dayandırmaq planlarını əngəlləmək məqsədi güdür. Və bu baxımdan, Kreml Ağ Evin təhvil-təslim prosesindən sonra Rusiya üçün uduşlu situasiyanın yarana biləcəyinə böyük ümidlər bəslənilir.
Digər tərəfdən, Tramp administrasiyasına yaxınlığı ilə seçilən ABŞ siyasətçilərinin açıqlamaları da yeni prezidentin Ukrayna savaşına biznes prinsipləri üzərindən yanaşdığını biruzə verir. Belə ki, respublikaçı senator Lindsi Qrem Tramp administrasiyasının “Ukrayna üzrə faydalı qazıntılar müqabilində sövdələşmə” niyyətlərinin mövcud olması barədə məlumatı təsdiqləyib. Və bu, hazırda Qərb siyasi dairələrində şok effekti yaradıb.
Amerikalı senator bildirib ki, Ukrayna Avropanın nadir minerallarla ən zəngin ölkəsidir və hesablamalara görə, bu ölkənin resurslarının ümumi dəyəri 2-7 trilyon dollar arasında dəyişir. Ona görə də, ABŞ Ukraynaya Rusiya tərəfindən tam işğal olunma təhlükəsindən yayınması üçün dəstək vermək niyyətindədir. Və belə anlaşılır ki, Tramp administrasiyasına hazırda daha çox Ukraynanın təbii sərvətləri lazımdır.
Maraqlıdır ki, respublikaçı senator rəsmi Kiyev ilə bu məsələ ətrafında artıq ilkin müzakirələrin başlandığına üstüörtülü eyham vurub. O, bildirib ki, Ukrayna hazırda Rusiya ilə deyil, məhz ABŞ ilə sövdələşməyə hazır olduğu barədə mesajlar verir: "Biz Ukrayna ilə geniş iqtisadi əlaqələr qura bilərik ki, bu da ABŞ üçün çox sərfəlidir. Prezident Donald Tramp ABŞ-ın Ukrayna savaşına xərclədiyi maliyyə vəsaitini geri qaytarmaq üçün bu ölkənin təbii sərvətlərinin istismarında iştirak hüququ razılaşma istəyir. Bu, həm Ukrayna, həm də ABŞ üçün sərfəli müqavilə olacaq və sülh gətirəcək”.
Göründüyü kimi, Tramp administrasiyasına Rusiya ilə savaşda qalıb gəlmiş Ukrayna qətiyyən lazım deyil. Əksinə, Ukrayna nə qədər aciz və ABŞ-dan asılı vəziyyətə düşərsə, bu, Tramp administrasiyasına daha sərfəlidir. Çünki bu halda, rəsmi Kiyevə təzyiq göstərmək və Ukraynanın təbii sərvətlərini istismar etmək daha asan olacaq. Və belə anlaşılır ki, Tramp administrasiyasının Ukrayna savaşını dayandırmaq planlarının arxasında həm də Ukraynanın təbii sərvətlərinin talan edilməsi üçün imkanlar qazanmaq niyyətləri gizlənir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu