Misli Premyer Liqasının 15-ci turunda "Səbail" "Araz-Naxçıvan"a məğlub oldu - 0:2.

Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Cavid Hüseynov mətbuat konfransında iştirak etdi. 

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Araz-Naçxıvan"ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda olaraq üzülürük. Nələrisə dəyişmək istəyirik. Amma hələ ki alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbirli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Qış fasiləsinə qədər iki oyun qalıb. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək".

Məşqçi gələcəyə ümidli olduğunu söyləyib:

"Əlimizdə çox material yoxdur. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. Gəldiyim gündən komandanı üç oyuna çıxarmışam. Kuboku çıxmaq şərtilə. "Qarabağ"la başabaş mübarizə aparmaq çox çətindir. "Sabah"dan xal alacağımıza çox ümidliydik, amma uduzduq. "Araz-Naxçıvan" bu dəqiqə ən formada olan iki komandadan biridir. Çalışırıq nəyisə dəyişək. Heyət çatışmazlığı önəmli nüansdır. Bir komandada sırf hücumçu yoxdursa, deyə bilərik ki, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olmalıdır. Amma bizdə çox mövqelər var ki, orada ikinci oyunçu yoxdur. Futbolçular hiss edirlər ki, onun yerində oynayacaq ikinci oyunçu yoxdur. Bu durumda işləmək çətindir. Qışa qədər başqa şansımız yoxdur. Son iki oyuna köklənəcəyik. Maliyə haqda danışmaq hələ tezdir. Ümid edirəm ki, istədiyimiz transferləri edə biləcəyik. Bir neçə mövqe var ki, futbolçu gətirə biləcəyik.