AZ

Vəkilliyə namizədlər üçün test imtahanı keçirilir

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası (NMRVK) üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi başlayıb. SİA xəbər verir ki, saat 10:00-da başlayan imtahan 3 saat ərzində elektronlaşdırılmış qaydada Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda keçirilir.

DİM və ARVK-nın birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda iştirak üçün 365 nəfər vəkilliyə namizəd müraciət edib.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Kollegiyanın rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 58,4 faiz, respublikanın digər regionları üzrə isə 41,6 faizdir.

Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək.

Namizədlərin 16,7 faizi xarici, 83,3 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 47,9 faiz ilə Bakı Dövlət Universiteti tutur.

Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 69,1 faizini təşkil edir. Qadın namizədlər 25 faiz, kişi namizədlər isə 75 faizdir.

Seçilən
0
8
sia.az

9Mənbələr