Gələcək ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı müharibə məsələsini tez bir zamanda həll etmək istəyir.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşrinin oxucuları ilə söhbət zamanı Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib. Bununla yanaşı, Zelenski bildirib ki, Respublikaçı Tramp Ukraynanın təslim olmaq və müharibəni dondurmaq niyyətində olmadığını bilir.
“Tramp Ukrayna üçün ziyanlı olsa belə, heç yerə tələsmək istəmədiyimi bilir. Ukrayna uzun müddətdir ki, öz suverenliyi uğrunda mübarizə aparır. Nə qədər prezidentlər və baş nazirlər müharibəni bitirmək haqqında bəyanat vermək istəsə də, biz sadəcə təslim olub müstəqilliyimizdən əl çəkmək niyyətində deyilik. Əgər desək ki, biz müharibəni dondurub ruslarla razılaşacağıq, bu, təhlükəli olar”, – deyə Zelenski Parisdə Tramp ilə aparılan danışıqları şərh edərkən bildirib.
Zelenski qeyd edib ki, Tramp hələ ki, lazım olan bütün informasiyalara malik deyil, çünki o, hazırda Ağ Evdə deyil. Məsələn, kəşfiyyat, Müdafiə Nazirliyi və müəyyən diplomatik kanalların məlumatları hələlik ona çatmır.
“O, ora gələndə, biz eyni informasiya səviyyəsində danışa biləcəyik”, – deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenskinin fikrincə, Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ-da baş verəcək dəyişikliklərin Ukrayna üçün müsbət olması vacibdir. Xüsusilə, Kiyev Vaşinqtondan daha güclü dəstək gözləyir.
“Bizim komandalar artıq Trampın komandası ilə işləyir. Yeni administrasiya ilə əlaqələr qurmaq bizim prioritetimiz olacaq. ABŞ bu müharibədə bizim əsas donorumuz olub və olaraq da qalacaq. Bununla belə, mən vurğulamaq istəyirəm ki, Ukrayna üçün həm Avropa, həm də ABŞ vacibdir. Biz heç kimi digərindən üstün tutmuruq”, – deyə Zelenski qeyd edib və bildirib ki, ABŞ Vladimir Putinə təsir göstərə bilər.
Prezident Aparatının rəhbəri Andrey Yermak isə bildirib ki, sülh danışıqları yalnız Rusiya müharibə üçün resursları tükəndirdikdə başlanacaq. Onun sözlərinə görə, hazırda vəziyyət ağırdır, düşmən hücumları davam etdirir.
Bundan əvvəl ABŞ-ın seçilmiş prezidenti Donald Tramp bildirmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaq barədə razılığa gəlməyə hazır olmalıdır. O, Zelenskinin “sülh istədiyini” ifadə etdiyini vurğulayıb.