“Ermənistan tərəfi Azərbaycana sülh sazişi ilə bağlı növbəti təkliflərini göndərib, lakin rəsmi reaksiya olmadan onların məzmununu açıqlamaq istəməzdim”.
APA-nın Ermənistan KİV-ə istinadən məlumatına görə, bunu adıçəkilən ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.
O tərəflər arasındakı görüşlərdən sonra ictimaiyyətə onların nəticələri ilə bağlı informasiyanın çatdırıldığını xatırladıb:
“Bundan artıq heç nə deyə bilmirəm, çünki bizim aramızda müvafiq razılaşma var. Yalnız onu deyə bilərəm ki, bu razılaşmaya əməl edirik və bu, çox yaxşıdır. Mən düşünürəm ki, yaxın vaxtlarda növbəti görüş baş tutacaq. Lakin onun vaxtı ilə bağlı heç nə deyə bilmərəm. Sualınıza da ona görə cavab verirəm ki, prosesin dayandığını düşünməyəsiniz. Bu proses davam edir. Bizim aramızda razılaşma var idi ki, reqlament qüvvəyə mindikdən sonra görüşüb birgə fəaliyyəti davam etdirək. Eyni zamanda regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqların getdiyini də deyə bilməyəcəm. Sadəcə onu söyləyə bilərəm ki, qarşı tərəfə təqdim etdiyimiz təkliflərə cavab gözləyirik”.