“Real”ın baş məşqçisi Karlo Ançelotti FIFA-nın 2024-cü ilin ən yaxşı məşqçisi mükafatını qazanması ilə bağlı fikrini bildirib.
Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazıb:
“Bu xüsusi məqama görə hər kəsə təşəkkür edirəm. Ümidvaram ki, sabah bu qələbəni qeyd edə bilərik. İrəli, Madrid!”, – Ançelotti dərc edib.
Xatırladaq ki, bu gün, dekabrın 18-də Karlo Ançelottinin “Real”ı Qitələrarası Kubokun final oyununda Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq.
2023/2024-cü illər mövsümündə Ançelottinin rəhbərliyi altında “Real” İspaniya La Liqasını qazanıb və Çempionlar Liqasının qalibi olub.
Ən yaxşı məşqçi adına səsvermədə Ançelotti bu mütəxəssisləri qabaqlayıb: Lionel Skaloni (Argentina yığması), Luis de la Fuente (İspaniya yığması), Xosep Qvardiola (“Mançester Siti”), Xabi Alonso (“Bayer”).
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.