Azərbaycan Prezidenti İlham Əliyev Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualını cavablandırıb.
APA xəbər verir ki, dövlət başçısı buna ehtiyac olmadığını deyib.
“Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, - deyə Azərbaycan lideri vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir: “Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.