1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Tehran "Nüvə silahının yayılmaması haqqında Müqavilə"dən çıxmalıdır, çünki bu müqavilədə iştirak İslam Respublikasına Qərbin əsassız ittihamları və İrana qarşı sanksiyaların sərtləşdirilməsindən başqa heç nə verməyib".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu bəyanatla İranın ali rəhbəri Əli Xameneinin silahdaşı və mühafizəkar "Kayhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari çıxış edib.
"Hər şey göstərir ki, (Qərblə) 20 ildən çoxdur davam edən "nüvə mübarizəsi" Qərb ölkələrinin iddialarının əksinə olaraq, İranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlıqlarla heç bir əlaqəsi yoxdur. Əksinə, onlar İranı mübarizəyə cəlb etmək, ölkəmizin elmi potensialının inkişafı üçün bütün imkanları əlindən almaq istəyirdilər", - deyə Şəriətmədari bildirib.
Onun sözlərinə görə, "düşmənin bu taktikasına qarşı mübarizənin" yeganə yolu müqavilədən çıxmaqdır.
Şəriətmədari qeyd edib ki, hətta Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İranın nüvə silahı yaratmağa yaxın olması barədə son bəyanatları da İslam Respublikasının İsraillə davam edən mübarizəsi səbəbindən ABŞ və onun müttəfiqlərinin gündəliyində daha çox yer alan anti-İran təbliğatının bir hissəsi kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, BAEA İdarəetmə Şurası noyabrın 21-də İranı təşkilatla kifayət qədər əməkdaşlıq etməməkdə tənqid edən qətnamə qəbul edib. Sənədə əsasən, BAEA 2025-ci ilin yazına qədər İran nüvə proqramı üzrə ətraflı hesabat hazırlamalıdır. Qətnamənin lehinə 19 səs verilib, Rusiya və Çin də daxil olmaqla 3 ölkə əleyhinə səs verib, 12 ölkə bitərəf qalıb.