AZ

“Media savadlılığı həftəsi bütövlükdə cəmiyyətimiz üçün faydalıdır” - Hacıbəy Heydərli

\"Media savadlılığı həftəsinin keçirilməsi təkcə mediamız üçün deyil, ümumilikdə cəmiyyətimiz üçün faydalıdır”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, son dövrlər sosial mediada dezinformasiya və saxta məlumatlar geniş yayılır. Hətta bu kimi əsası olmayan məlumatlara təəssüf ki, bəzi media subyektlərində də rast gəlinir:

\"Bir müddətdir bu istiqamətdə bir sıra maarifləndirmə işləri aparılır. Hesab edirəm ki, media savadlılığı həftəsinin keçirilməsi həm də cəmiyyətimizin media savadlılığının artırılmasına, cəmiyyətimizin əldə etdiyi informasiyaların səhihliyi və doğrululuğunun öyrənilməsinə yardımçı olacaq. Media savadlılığı təkcə media nüməyəndələrinin deyil, ümumilikdə bu xəbəri qəbul edən şəxslərin onun dəqiqliyinə və səhihliyinə olan yanaşması deməkdir. Hər bir oxucu məhz media savadlılığına yiyələndikdən sonra artıq cəmiyyətdə bu kimi saxta məlumatların qarşısının ala biləcəyimizi düşünürəm. Media savadlılığına yiyələnmək üçün ilk növbədə KİV-in emal etdiyi xəbəri oxuyarkən, onun əsas mənbəsi, istinad nöqtəsi, dəqiq və doğru olması ilə bağlı məlumat əldə edilməsi oxucu üçün çox önəmlidir”.

H.Heydərli vurğulayıb ki, oxucular saxta informasiyanın müəyyənləşdirilməsi üçün ilk növbədə özləri üçün güvənli xəbər mənbələri müəyyənləşdirməli, bu məlumatı emal edən media qurumunun fəaliyyəti ilə maraqlanmalı və onun media subyekti kimi tanınıb-tanınmamasına diqqət göstərməlidir:

\"Bundan sonra artıq həmin xəbər portallarına güvənmək və onların məlumatlarının dəqiqliyinə əmin olmaq mümkün olar. Təbii ki, indiki dövrdə, informasiya axının bu qədər intensiv olduğu bir zamanda saxta xəbərlərə də tez-tez rast gəlirik. Bu baxımdan media savadlılığı həftəsinin keçirilməsi, eyni zamanda cəmiyyətin bu məsələlərdən məlumatlı olması gələcəkdə bu cür dezinformasiyaların, feyk nyusların, saxta məlumatların qarşısını almağa çox böyük yardımçı olacaq. Düşünürəm ki, bu cür tədbirlərin keçirilməsindən sonra cəmiyyətimizin saxta məlumatlara qarşı bir \"immunitet” formalaşdıra biləcəyini, yalan məlumat görəndə buna adekvat münasibət sərgiləyəcəyini, bu tip xəbərlərə inanmayacağını və bunların yayılmasının qarşısı alınmasında töhfə verəcəklərini müşahidə edəcəyik”.

Qeyd edək ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsi başlayıb. Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Həftənin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək.
phrase_var_article.chosen
33
41
azxeber.com

10phrase_var_article.sources