AZ

Saxta məlumatlarla mübarizədə media savadlılığının əhəmiyyəti

İnformasiya texnologiyalarının sürətli inkişafı və sosial media platformalarının genişlənməsi müasir dövrdə məlumat mühitinin mürəkkəbliyini artırıb.

Bu şəraitdə saxta məlumatların (dezinformasiyanın) yayılması qlobal miqyasda ciddi problemə çevrilib.

Belə bir kontekstdə media savadlılığı XXI əsrin ən mühüm kompetensiyalarından biri kimi formalaşır.

Media savadlılığı fərdlərin informasiya mənbələrini tənqidi təhlil etmək, saxta xəbərləri aşkar etmək və manipulyativ təsirlərdən qorunmaq bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

Bu bacarıq həm şəxsi, həm də ictimai qərar qəbuletmə proseslərinin keyfiyyətini yüksəltməklə, cəmiyyətin informasiya təhlükəsizliyinə əhəmiyyətli töhfə verir.

Media savadlılığında beynəlxalq təcrübələr

Media savadlılığı insanların media məzmununu şüurlu və tənqidi şəkildə qəbul etmək, manipulyasiya vasitələrini tanımaq və dezinformasiyadan qorunmaq qabiliyyətidir. Bu bacarıq yalnız sosial şəbəkələrdə deyil, ənənəvi media (TV, radio, qəzet) mühitində də eyni dərəcədə əhəmiyyətlidir. Bununla bağlı maraqlı bir fakta nəzər yetirmək olar. Belə ki, ABŞ-da aparılmış bir araşdırma nəticəsində məlum olub ki, 13-17 yaş aralığındakı yeniyetmələrin 80 faizdən çoxu saxta xəbərləri həqiqi xəbərlərdən ayırd edə bilməyib. Beynəlxalq aləmdə ən yüksək media savadlılığı Skandinaviya ölkələrində qeydə alınıb. Belə ki, Finlandiya dünyada media savadlılığında ilk sırada yer alır. Bu ölkədəki məktəblərdə media savadlılığı rəsmi tədris proqramının bir hissəsidir. Şagirdlərə “fakt yoxlama” (fact-checking) texnikaları, dezinformasiyanı müəyyənetmə yolları öyrədilir. Burada şagirdlərə təkcə mediadan istifadə etməyi deyil, həm də məlumatı təhlil etməyi, saxta xəbərləri aşkarlamağı və fərqli baxışları müqayisə etməyi öyrədirlər. Bu yanaşma nəticəsində Finlandiya “Media Savadlılığı İndeksi” üzrə dünyanın ən yüksək nəticə göstərən ölkələrindən birinə çevrilib. Finlandiya hökuməti “Troll Akademiyası” adlı xüsusi bir layihə yaradıb. Bu layihənin məqsədi insanların onlayn trolların manipulyasiya üsullarını tanımasını təmin etməkdir. Həmçinin İsveç və Norveçdə də media savadlılığı dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu ölkələrdə media etikası və dezinformasiyaya qarşı müqavimət bacarıqları məktəb səviyyəsindən başlayaraq öyrədilir.

Bundan başqa, ABŞ-da media savadlılığı təşəbbüsləri, əsasən, QHT-lər və təhsil təşkilatları tərəfindən həyata keçirilir. “Media Literacy Now” kimi təşkilatlar məktəblərdə media savadlılığı proqramlarının tətbiqini təşviq edir. Bununla bağlı qəribə bir fakt da mövcuddur ki, ABŞ-da “Facebook”un “Fakt Yoxlama” alqoritmi bəzən doğru xəbərləri səhvən “yalan” kimi işarələyirmiş. Nəticədə, bu hadisələr media savadlılığına dair geniş müzakirələrə səbəb yaradıb. Böyük Britaniyada “BBC Young Reporter” proqramı gəncləri jurnalistika bacarıqları ilə təmin edir və onlara doğru informasiya mənbələrini seçməyi öyrədir. Həmçinin “Ofcom” tərəfindən həyata keçirilən milli media savadlılığı tədqiqatları dezinformasiya ilə mübarizədə maarifləndirmə səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Asiya ölkələrində də media savadlılığı xüsusi rola malikdir. Belə ki, Yaponiyada media savadlılığı texnologiyadan istifadənin mədəni bir hissəsi kimi qəbul edilir. Yaponiyada sosial medianın istifadəsi çox aktiv olsa da, vətəndaşların böyük əksəriyyəti saxta xəbərləri tanımaq qabiliyyətinə malikdir. Hindistanda dezinformasiya, xüsusilə “WhatsApp” üzərindən yayılan yanlış məlumatlarla bağlı ciddi problemlər mövcuddur. Bu səbəbdən Hindistanda “WhatsApp” saxta xəbərlərlə mübarizə üçün xüsusi maarifləndirici kampaniyalar təşkil edib. Bununla bağlı əsas amillərdən biri isə Hindistanda saxta xəbərlərin yayılması nəticəsində yaranan izdihamla əlaqədar 20-dən çox insanın həyatını itirməsi hadisəsi olub. Bu, media savadlılığının həyati əhəmiyyətini açıq şəkildə göstərən mühüm nümunədir.

Azərbaycanda media savadlılığında rəqəmsal transformasiya və təhsil perspektivləri

Azərbaycanda media savadlılığı sahəsində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. 2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən media savadlılığı ilə bağlı müxtəlif təlim və seminarlar təşkil olunub. Bu təşəbbüslər, xüsusilə jurnalistlərin peşə bacarıqlarını artırmağa, eyni zamanda, əhali arasında media savadlılığı səviyyəsini yüksəltməyə yönəlib.

Azərbaycanda media savadlılığı məktəblərdə ayrıca fənn kimi tədris olunmur. Lakin bəzi təhsil layihələri və təlimlər vasitəsilə şagirdlərə dezinformasiyaya qarşı müqavimət bacarıqları aşılanır. Saxta xəbərlərlə mübarizə təlimləri, xüsusilə media sahəsində fəaliyyət göstərən QHT-lər və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir. Ölkəmizdə sosial media istifadəçilərinin sayı ildən-ilə artır. Xüsusilə “Facebook”, “Instagram” və “TikTok” platformalarında istifadəçilər müxtəlif mənbələrdən məlumat alırlar. Ancaq saxta xəbərlərin yayılması halları da çoxdur. Bu səbəbdən vətəndaşların media savadlılığı təkmilləşdirilməlidir. Bununla bağlı 2023-cü ildə Azərbaycanda keçirilən bir araşdırma göstərib ki, respondentlərin 65 faizi sosial mediada qarşılaşdıqları məlumatı dərhal doğru qəbul edir və araşdırmadan paylaşır.

Sosial şəbəkələrdə yayılan dezinformasiyalarla mübarizə məqsədilə müxtəlif tədbirlər həyata keçirilir, dövlət orqanları tez-tez bununla bağlı rəsmi açıqlamalar verirlər. Ölkəmizdə saxta xəbərlərin ən çox yayıldığı platformalardan biri “WhatsApp”dır. Bəzi hallarda insanların xəbərləri yoxlamadan yayması geniş narahatlıqlara səbəb olur.

Bəs media savadlılığını necə artıra bilərik? Burada təhsilin mühüm rolu danılmazdır. Məktəblərdə media savadlılığı dərsləri tədris olunmalı, şagirdlərə saxta xəbərləri müəyyənetmə metodları öyrədilməlidir. Texnologiyalardan düzgün istifadə qaydaları öyrədilməli, fakt yoxlama platformaları (məsələn, “Factcheck.org”) ilə tanışlıq artırılmalıdır. Həmçinin dövlət orqanları media savadlılığı təşəbbüslərini dəstəkləməlidir. Bu, həm də sosial mediada yayılan dezinformasiyanın qarşısını almağa kömək edər. Buna uyğun bir nümunə göstərmək olar. Belə ki, Norveçdə bir məktəbdə şagirdlər saxta xəbərlər yaratmaq üçün “oyun” oynayırlar. Sonra isə həmin xəbərləri aşkar etmək üçün qrup müzakirələri aparılır. Bu metod şagirdlərin tənqidi təfəkkür bacarıqlarını artırır.

Media savadlılığının cəmiyyətin informasiya təhlükəsizliyindəki rolu

Media savadlılığı fərdin yalnız informasiya istehlakçısı deyil, həm də onun yaradıcı iştirakçısı olmasına şərait yaradır. Bu bacarığın inkişaf etdirilməsi cəmiyyətin bütövlükdə informasiya təhlükəsizliyini möhkəmləndirir. Skandinaviya təcrübəsi, ABŞ və Böyük Britaniyanın təşəbbüsləri göstərir ki, təhsil proqramlarında media savadlılığına xüsusi yer verilməsi bu sahədə effektiv nəticələrə gətirib çıxarır. Azərbaycanda bu istiqamətdə atılan addımların genişləndirilməsi və məktəblərdə bu fənnin dərs kimi tədrisi dezinformasiya ilə mübarizədə əhəmiyyətli rol oynayacaq. Bu yanaşma, rəqəmsal dünyada məlumat təhlükəsizliyini təmin etməklə yanaşı, daha təhlilçi, şüurlu və məsuliyyətli bir cəmiyyətin formalaşmasına şərait yarada bilər.

AZƏRTAC

phrase_var_article.chosen
13
41
sportinfo.az

10phrase_var_article.sources