AZ

Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - POLİTOLOQ

Makron Azərbaycana zərər vermək əvəzinə, ölkəsini iflas həddinə çatdırmasının səbəbləri barədə düşünməlidir


Azərbaycan Prezidenti Fransanın neomüstəmləkəçilik siyasətini növbəti dəfə ifşa etdi, Makronun riyakar simasını bir daha hamıya göstərdi. Dövlətimizin başçısının dekabrın 17-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru və “Rossiya-1” telekanalının “Vesti nedeli” proqramının aparıcısı Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər, dilə gətirdiyi həqiqətlər Fransa prezidenti Emmanuel Makronun siyasi karyerasına öldürücü zərbədir. 
Makron bu zərbəni haqq etmişdi. Çünki o, təcavüzkar Ermənistanın yanında dayanaraq ölkəmizə qarşı ədalətsiz siyasət yürüdürdü. Prezident İlham Əliyevin də vurğuladığı kimi Fransa Azərbaycanı nüfuzdan salmaq üçün hər üsuldan istifadə edirdi. Erməni lobbisinin nökərinə çevrilən Makron Azərbaycanla münasibətlərin korlanmasının əsas günahkarıdır. 

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında rəsmi Bakının hər zaman Fransa ilə yaxşı münasibətlərin tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə,biz Fransa ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinə təəssüf edirik. Azərbaycan tərəfi istəməzdi ki, bu, belə olsun: “Bu məqamı Prezident İlham Əliyev də sözügedən müsahibəsində xüsusi olaraq vurğuladı:

 "Bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var... Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular". 
Bəs, arada nə baş verdi ki, Fransanın Azərbaycana qarşı münasibəti birdən-birə bu qədər mənfiyə doğru dəyişdi? Cənab Prezident haqlı olaraq bunun səbəbini 44 günlük müharibə ilə, bizim öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etməyimizlə əlaqələndirir. Bəli, İkinci Qarabağ müharibəsindən sonra Makron Fransası gerçək simasını (daha doğrusu, simasızlığını) ortaya qoydu. Fransa prezidenti bizim müstəqil siyasət yürütməyimizi və öz suverenliyimizi bərpa etməyimizi heç cürə həzm edə bilmirdi. Çünki 44 günlük müharibənin nəticələri və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatı həm mənfur "status-kvo"nu ləğv etməklə, həm də Qarabağda erməni separatizminin kökünü kəsməklə Fransanın neoimperialist geosiyasi planlarını alt-üst etmişdi”. 
ATƏT-in Minsk qrupunun tarixin arxivinə göndərilməsi ilə Fransanın həmsədrlik statusuna da son qoyulduğunu xatırladan politoloqa görə, bütün bunların Fransanın ifrat ambisiyalı və hikkəli prezidentini qıcıqlandırması gözlənilən idi. Ona görə də məhz Makronun təşəbbüsü ilə Fransa tərəfi BMT Təhlükəsizlik Şurasında dəfələrlə Azərbaycan əleyhinə qətnamələrin qəbul olunmasına, həmçinin Avropa İttifaqı tərəfindən ölkəmizə qarşı sanksiyaların tətbiqinə cəhd göstərdi. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi bütün bu cəhdlər uğursuzluğa düçar oldu: "Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər".

AHK sədri qeyd edib ki, Fransanın hazırda Azərbaycana qarşı apardığı dezinformasiya və qaralama kampaniyası bu ölkənin neomüstəmləkəçi mahiyyətindən qaynaqlanır: “Azərbaycanın fransız kolonializminin iyrənc simasını ifşa etməsi Yelisey Sarayında qıcıq doğurur. Azərbaycan Fransanın "dənizaşırı ərazilər" adlandırdığı kiçik dövlətlərin təbii ehtiyatların amansız şəkildə istismar etməsini, talamasını dünya gündəminə daşıyır. Rəsmi Bakı Makron diktaturasının, Makron rejiminin Yeni Kaledoniyada, Mayot adasında, digər yerlərdə törətdiyi qanunsuzluqları, zorakılıqları ifşa edir. Azərbaycan Prezidentinin çıxışları Fransa liderinin ədalətsiz siyasətinin güzgüsünə çevrilir. Makron isə Bakıdan ona ünvanlanan haqlı tənqidlərdən ciddi nəticə çıxarmaq və öz siyasətinə düzəliş etmək əvəzinə Azərbaycanı, onun liderini hədəfə alır. Yelisey Sarayı müxtəlif qeyri-hökumət təşkilatlarını, o cümlədən Fransa mediasını öz “zəncirli köpəkləri” qismində Azərbaycan Prezidentinin üzərinə qısqırdır.Afrikada, Sahel regionunda iflasla üzləşən, Niger, Burkino-Faso və Malidən qovulan, Çaddan çıxmağı tələb olunan, Seneqalda, Livanda uğursuzluqla, Azərbaycanda və Gürcüstanda tam iflasla qarşılaşan Fransa, eyni zamanda, məhz Makronun uğursuz siyasəti ucbatından hazırda həmçinin daxili siyasi böhran məngənəsində çabalayır. Beləliklə, Fransanın beynəlxalq nüfuzu gün-gündən sarsılır, ölkə daxilində isə siyasi təlatümlər səngimək bilmir. Bu da Fransanı perspektivdə daha böyük uğursuzluqlara doğru sürükləyir. 

Ona görə də Makron xarici siyasətdəki uğursuzluqların və daxili siyasətdə baş verən hərc-mərcliklərin qarşısını almaq üçün "günah keçisi" axtarmaq və naftalindən çıxarılmış Mişel Barnye, Fransua Bayru kimi "siyasi meyit"ləri baş nazir postuna gətirib, onlardan sipər kimi, "qurbanlıq quzu" kimi istifadə etmək əvəzinə, ilk növbədə özünə, özünün sərsəm siyasətinə çəki-düzən verməlidir. İlham Əliyevin tövsiyə etdiyi kimi Makron böyük dəyişikliklərə elə özündən başlamalıdır. Cənab Makron Azərbaycana zərər vermək əvəzinə, ölkəsini iflas həddinə çatdırmasının səbəbləri barədə düşünməlidir. Ümumiyyətlə, Fransa prezidenti İlham Əliyevin ismarıc və tövsiyələrindən ciddi nəticə çıxarmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi onların bizə batırmaq istədikləri dişləri artıq sınıb, heç olmasa, qalanlarını qoruyub saxlasınlar”.

Seçilən
42
40
sherg.az

10Mənbələr