AZ

İrəvan Qərbi Azərbaycana qayıdışa razılaşmalı olacaq

“Hal-hazırda mən təsdiq edirəm ki, Sülh Müqaviləsində 300 min azərbaycanlının geri qaytarılması ilə bağlı bənd yoxdur”. 

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan mətbuata açıqlamasında belə deyib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində 300 min azərbaycanlının Ermənistanda məskunlaşmaq xahişi ilə Ermənistan Respublikası hökumətinə müraciət etdiyini bildirib:

“Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda -1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib”.

 Ermənistan xarici işlər nazirinin müavini isə bununla bağlı jurnalistin sualına cavab verərkən 300 min azərbaycanlının geri qayıtmasına dair sülh sazişinin layihəsində hər hansı bəndin olmadığını bəyan etməklə kifayətlənib. Kostanyan başqa açıqlama verməkdən imtina edib və bildirib ki, yalnız Xarici İşlər Nazirliyinin sözçüsü rəsmi şərh verə bilər. 

Ermənistan mediası qeyd edir ki, rəsmi İrəvan 300 min azərbaycanlının qaytarılması ilə bağlı ayrıca danışıqların aparılıb-aparılmaması ilə bağlı hələlik şərh verməyib. Xarici İşlər Nazirliyinin mətbuat katibinin məlumatı təsdiqləmək, belə açıqlamaların olub-olmaması, nə vaxt, hansı formatda daxil olması ilə bağlı sorğuya cavab vermədiyi bildirilir.

Vahan Kostanyanın açıqlaması Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan icmasının müraciətini cavablandırmaq niyyətində olmadığını göstərir. Yəni, Ermənistan Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasında maraqlı deyil. 

Buna baxmayaraq, Ermənistan müxtəlif beynəlxalq siyasi platformalarda Qarabağdan könüllü köçmüş ermənilərin geri qaytarılması məsələsini qaldırır və bu məqsədlə Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışlar edir. Rəsmi İrəvanın bu mövqeyi 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatından əvvəl mövcud olmuş status-kvonu bərpa etmək istəyindən xəbər verir. 

Guya Qarabağdan qovulmuş erməni əhalinin öz evlərinə dönməsi barədə Avropa Parlamenti, ABŞ Konqresi və ayrı-ayrı ölkələrin rəsmiləri səviyyəsində məsələnin qaldırılması ilə paralel olaraq qondarma rejimin rəhbərliyinə daxil olan hərbi cinayətkarların azadlığa buraxılması ilə bağlı siyasi kampaniyanın aparılması əslində, separatçı qurumun bərpasına hesablanıb. Təbii ki, keçmişi geri qaytarmaq mümkün olmadığından, Azərbaycan öz ərazisində erməni separatizminin yenidən dirçəlməsinə yol verməz. 

Vaxtilə qondarma, işğalçı rejimin mövcud olduğu ərazilərdə Azərbaycanın dövlət suverenliyi artıq bərqərar olunub. 1988-ci ilə qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış Azərbaycan vətəndaşları və onların övladları öz evlərinə qayıda bilərlər. 

Lakin onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bundan başqa, yalnız Azərbaycan ərazilərinin işğalında, separaçılıq fəaliyyətində iştirak etməmiş, dinc azərbaycanlı əhaliyə qarşı soyqırım və etnik təmizləmə cinayətləri törətməmiş şəxslər bu hüququ əldə edə bilərlər. Qarabağda yaşamış erməni sakinlərin və onların ailə üzvlərinin böyük əksəriyyəti bu hərbi cinayətlərdə iştirak etdiyindən, birgəyaşayışdan imtina edərək könüllü köçüb getməyə üstünlük verdi. 

1988-1990-cı illərdə Ermənistandan deportasiya edilən azərbaycanlı əhali isə məcburi şəkildə öz evlərindən çıxarıldığına görə geri qayıtmaq hüququna malikdir. Qərbi azərbaycanlılar Ermənistan konstitusiyası və qanunvericiliyinin şərtlərini qəbul edərək erməni əhali ilə birgəyaşayışa razıdır. 

Azərbaycanlıların öz evlərinə qayıtması ilə bağlı sülh müqaviləsinin mətnində ayrıca bənd olmasa da, bu məsələ ikitərəfli razılaşma və ya beynəlxalq hüquqi prinsiplərin yaratdığı öhdəliklərə uyğun olaraq Ermənistan hakimiyyəti tərəfindən həll oluna bilər. Azərbaycan Prezidenti də Qərbi Azərbaycana qayıdışla bağlı sülh sazişi layihəsində hər hansı bəndin olduğunu deməyib. 

Rəsmi Bakı azərbaycanlıların Ermənistana dönüşünü sülhün davamlı və etibarlı olması üçün siyasi zəmanət hesab edir. Prezident İlham Əliyevin bu baxımdan, səsləndirdiyi fikir diqqəti xüsusi cəlb edir:

“...Onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. 

Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur”. 

Göründüyü kimi, Azərbaycan tərəfi sülhün yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də hər iki xalq arasında olmasını təklif edir. Münaqişənin yenidən bərpa olunmamasının vacib şərtlərindən biri də hər iki xalq arasında mövcud olan düşmənçiliyin aradan qalxması, yəni barışığa nail olunmasıdır. 

Ancaq rəsmi İrəvanın ictimai konsensusa can atmaması Ermənistanı monoetnik dövlət kimi saxlamaq cəhdindən xəbər verir. 

Əvəzində, Ermənistan tərəfi minlərlə ermənini Azərbaycana yerləşdirməyə çalışır. Yəni, Qarabağda ermənilər yaşadığı halda, azərbaycanlıların indiki Ermənistana buraxılmaması siyasəti aparılır. Azərbaycan belə bir təxribata təbii ki, icazə verməz. 

Əksinə, Ermənistan beynəlxalq platformalarda Qərbi azərbaycanlıların hüquqları məsələsinin qoyulması prosesinin qarşısını almaq imkanına malik deyil. Qərbi Azərbaycan icması beynəlxalq təşkilatların və məhkəmələrin qərarları əsasında öz evlərinə qayıtmaq hüququnu təmin edə bilər. Əgər belə qərar olarsa, Ermənistan hakimiyyəti buna qadağa qoya bilməz. 

Eyni zamanda, Azərbaycan Ermənistana qarşı işğal dövründə vurulmuş ziyana görə beynəlxalq instansiyalarda müxtəlif epizodlar üzrə məhkəmə iddiası qaldırıb. Azərbaycanın iddiası təmin olunarsa, ödəniləcək təzminatın məbləği Ermənistanın dövlət büdcəsindən on dəfələrlə çox olacaq. Ona görə də Ermənistan yaranmış vəziyyətdən çıxmaq üçün Azərbaycanın digər şərtləri kimi, Qərbi azərbaycanlıların qayıdışına da razılıq verməyə məcburdur. 

Seçilən
47
40
cebheinfo.az

10Mənbələr