AZ

Vladimir Putin şüşə evdə oturub başqasının evinə daş atır…

Rusiya Prezidenti Vladimir Putin ənənəvi media görüşündə bir çox məsələlərlə yanaşı qardaş Türkiyənin maraqlarına zidd fikir də səsləndirib. O, illərdir Türkiyədə qanlar axıdan terrorçu PKK-nı həvəsləndirəcək sözlər deyib.

Düzdür, bunu “kürd xalqı” adı altında edib, amma hər kəs başa düşür ki, söhbət PKK adlı qanlı terror təşkilatını təşviq etməkdən gedir.

Vladimir Putin deyib ki, “kürdlər döyüşkən xalqdır. Birinci dünya müharibəsinin şərtlərinə əsasən 30 milyonluq kürd xalqının öz dövləti olmalı idi. Türkiyənin Suriyada təhlükəsizlik narahatlıqları var, bunlar anlaşılandır. Lakin eyni zamanda kürd xalqı da öz müqəddəratını təyin etmək hüququna malikdir”.

Göründüyü kimi, Rusiya Prezidenti faktiki olaraq hər şeydən öncə qardaş Türkiyədə bölücülüyü təşviq edəcək bir açıqlama verib. Bu isə o cümlədən də Azərbaycanlıları biganə qoya bilməz.

Azər Həsrətdən ibrətamiz sözlər…

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət Rusiyanın şüşəli evdə oturub başqasının evinə daş atdığı qənaətindədir: “Vladimir Putinin dünyanın gözündən saldığı Rusiya özünün ən ağır günlərini yaşayır. Belə bir vaxtda bu ölkənin Prezidenti başqalarının bostanına daş atmaq yerinə öz dövlətini düşünsə daha uyğun olmazmı? Axı şüşəli evdə oturub başqasının evinə daş atmaq ağılsızlıqdır. Məgər Prezident Vladimir Putin bilmirmi ki, yüz illərdir Rusiyanın işğalı altında yaşayan xalqların da öz müqəddəratını təyin etmək hüququ var? Əgər Rusiya Prezidenti belə bir hüquqdan danışırsa, məncə hər şeydən öncə öz ölkəsindən başlasın. Rusiya Tatarıstan, Başqırdıstan, Yakutiya, Çuvaşiya, Altay, Xakasiya, Dağıstan, Çeçenistan və daha neçə-neçə bölgəni işğal altında tutur, o xalqların mədəniyyətini, milli kimliyini məhv edir. Bəlkə Vladimir Putin bu xalqlara azadlıq verməklə başqaları üçün örnək olmağı sınasın?”

Azər Həsrət onu da xatırladıb ki, qardaş Türkiyə ən çətin anlarında belə Rusiyaya arxa çevirmir, onun maraqlarına zərər vurmur: “Bütün dünya Ukraynaya təcavüz edən Rusiyanın üzərinə gəlir. Amma Türkiyə hətta NATO üzvü olsa belə, Rusiya ilə münasibətlərə hörmətlə yanaşır, iş birliyini davam etdirir. Rusiya bunu yetərincə dəyərləndirməlidir. Hələ üstəlik Türkiyə ilə bütün anlamlarda iç-içə olan Azərbaycan da Rusiyaya yetərincə loyal və hörmətlə yanaşır. İndi necə olur ki, Vladimir Putin bunu nəzərə almadan qardaş Türkiyənin maraqlarına zidd açıqlama verir? Bunun adını nə qoyaq? Etibarsızlıqdan başqa bir şey deyil bu. Ona görə də biz həmişə bu fikirdə olmuşuq ki, Rusiyaya güvənmək olmaz. Təəssüf ki, sözümüzdə haqlı çıxırıq. Bu da növbəti dəfə öz təsdiqini tapır”.

Seçilən
8
50
yenicag.az

10Mənbələr