AZ

Rusiya –Türkiyə münasibətləri: İkinci dağılma prosesi və geosiyasi gərginliklər fonunda 

“Türkiyənin Suriyanın şimalında 30 km dərinliyində və Aralıq dənizindən İraq sərhədinə qədər olan ərazidə hərbi qüvvələr vasitəsilə təhlükəsizlik zonası qurması Suriyada gələcəkdə baş verə biləcək hər hansı bir qarışıqlığa aktiv müdaxilə etmək üçün vacibdir. Eyni zamanda,  Suriyada baş verə biləcək qarışıqlıq zamanı Türkiyəyə doğru yeni bir miqrasiya axını olarsa, bu axını həmin ərazidə nəzarət altına almaq məqsədi daşıyır”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında türkiyəli politoloq  Həsən Oqtay  səsləndirib.
 
Türkiyəli politoloq qeyd edib ki, Suriyada 13 il davam edən və 8 dekabrda Əsədin Rusiyaya qaçması ilə  sona çatan rejim  bölgədə Türkiyəyə yeni bir səhifə açdı:
 
“ Xüsusilə, 7 oktyabr 2023-cü ildə Həmasın İran və Rusiyanın təşviqi ilə İsrailə hücum etməsi  Orta Şərqdə yeni bir nizamın formalaşmasına zəmin hazırlamış oldu. Türkiyə indiyə qədər İran və Rusiya ilə prosesi idarə edərkən həmişə öz prioritetini nəzərə alıb.  27 noyabrda HTŞ quruplaşmasının  başladığı əməliyyat, Suriyada Əsədin devrilməsinə səbəb oldu. Suriyada Əsəd rejimi devrildikdən sonra əsas gücə sahib olan İran və Rusiya bölgədən çəkilmək məcburiyyətində qaldı.
 Türkiyə, Suriya ilə  sərhəd üstünlüyündən istifadə edərək bundan sonrakı prosesdə Suriyada baş verəcək bütün proseslərdə əhəmiyyətli dərəcədə rol oynayacaq. Türkiyə əvvəlcə Suriya torpaq bütövlüyü prinsipi əsasında Suriyada konstitusiya qaydalarına uyğun olaraq yeni idarəetmə sistemi, insan haqları, hüququn aliliyi və demokratiya prioritetlərinin Suriyada hakim olması üçün əlindən gələni artıqlaması ilə edəcək. Bu mənada Türkiyə Suriyadakı ən vacib güc olaraq varlığını davam etdirəcək. Türk əsgərlərinin birinci vəzifəsi Türkiyənin təhlükəsizliyini təmin etməkdir, ikinci vəzifəsi Suriyanın sabitliyini təmin etmək, üçüncü vəzifəsi isə Suriyanın ərazi bütövlüyünü qorumaqdır”.
 
Politoloq xatırladıb ki, 27 noyabrda Əsəd rejiminin devrilməsindən istifadə edən İsrail  Qolan təpələrindəki işğalını Dəməşqə doğru genişləndirdi:
 
“Lakin Dəməşqdə qurulan  yeni hökumətin İsrailə dair qəbul edəcəyi qərar proseslərin dəyişməsinə səbəb ola bilər. Bu nöqteyi nəzərdən, mərkəzi hökumət İsrailə qarşı bir əməliyyat başlayarsa,  bunu Türkiyə ilə birgə həyata keçirmək ehtimalı mövcuddur. Lakin bu, yaxın bir neçə həftədə deyil, bir neçə müddət sonra baş verə bilər, çünki yeni hökumət hələ tam mənası ilə Suriyada sabit bir hakimiyyət qura bilməyib.
Türkiyə, cənubunda yaratdığı güvənli zolağı uğurla həyata keçirib. Bu əraziyə yerləşdirilən əsgərlər Suriyanın sabit və ərazi bütövlüyünə zəmanət kimi fəaliyyətlərini davam etdirəcəklər. 61 ildir Suriyada BƏƏS rejimi adı altında Rusiyanın təsiri çox güclü idi. 1991-ci ildə Sovet İttifaqının dağılması kimi, 8 dekabr 2024-cü ildən etibarən də Sovet təsiri altında olan sistemin çökməsinin şahidi olduq. Bundan sonrakı prosesdə Rusiyanın Orta Şərqdə təsirli olma şansı azaldı. Türkiyənin Suriya ilə qonşuluq hüququnun mövcud olması səbəbilə Suriyada qurulacaq hər bir sistem Türkiyənin rolu ilə reallaşacaq.
Türkiyə-Rusiya münasibətləri Suriyada baş verənlərdən dolayı  bir qədər təsirlənsə də, ümumi mənada bu, Türkiyənin başladığı bir proses deyil. Bu, Rusiyanın və İranın Haması İsrailə hücum etməyə təşviq edərək dünya sistemini qarşısına alması ilə əlaqədardır. Buna görə də, Türkiyə ilə Rusiya bu prosesdə çox da qarşı-qarşıya gəlməyəcəkdir. 1991-ci ilin dekabr ayında Sovetlər dağılarkən Rusiya Cənubi Qafqazda qala bilmək üçün müəyyən addımlar atmışdı. İndi isə ikinci dağılma prosesində rusların türklərə qarşı hansı addımlar atacağını izləmək və gözləmək vacibdir”.
 
"Trampın ifadə etdiyi kimi, Türkiyənin Suriyada mühüm bir rol alması coğrafi şəraitdən və tarixi keçmişdən irəli gəlir. Türk xalqının 1000 ildən çoxdur Orta Şərqdə mövcud olması və bundan sonra da Orta Şərqdə Türkiyəsiz bir həllin mümkün olmayacağını nəzərə alan Tramp bu açıqlamanı vermişdir",- deyə Həsən Oqtay şərh edib.
 
Mehin Mehmanqızı
 
Seçilən
24
50
moderator.az

10Mənbələr