Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəni 2024-cü ilin yaşı 21-dən aşağı olan ən yaxşı futbolçularının siyahısına daxil edib.
Qurum 64 liqada 2004-cü il və daha sonra anadan olmuş oyunçularla bağlı araşdırma aparıb.
Nəriman Axundzadə sağ vingerlər arasında ən çox məhsuldar ötürmə verən və qapıya zərbə vuran futbolçulardan hesab olunur. Hazırda 20 yaşı olan forvard bu göstəriciyə görə 75.1 əmsalla 7-ci pillədə qərarlaşıb.
İlk sırada Türkiyə yığmasının və İspaniyanın "Real" klubunun futbolçusu Arda Gülər yer alıb. Onun əmsalı 81.4-dür. CIES 19 yaşlı oyunçunun yarımmüdafiənin mərkəzində də oynadığını xatırladıb.
Qeyd edək ki, Nəriman Axundzadə 2024/2025 mövsümündə Misli Premyer Liqasında 7, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 2 assistlə yadda qalıb.