Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammitini Qazaxıstanda AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verərək başlayıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, o, hadisə nəticəsində xəsarət alanların tezliklə sağalacağına ümid etdiyini qeyd edib.
Onun sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi tibbi heyət və lazımi avadanlıqlarla Aktauya qəza yerinə göndərilib.
Xatırladaq ki, bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.