Ermənistan baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri -rəsmi sammitinə koronovirusa "yoluxduğunu" bəhanə edərək qatılmadı. Son vaxtlar Ermənistan tərəfi Rusiyanın dominant olduğu təşkilatların tədbirlərinə qatılmaqdan imtina edir.
Bu barədə Moderator.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, Paşinyan 2018-ci ildə Sorosun maliyyəsi və bir sıra Qərb dairələrinin bilavasitə dəstəyi ilə Ermənistanda hakimiyyətə gətirilibdir və hakimiyyətə gətirilərkən də onun üzərinə öhdəliklər qoyulub:
“Üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq da Paşinyan Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və həmin öhdəlik götürdüyü dairələrin Ermənistan üzərindən bölgəyə yerləşdirilməsini hədəfləyir deyə, bu gün faktiki olaraq hər iki istiqamətə təzim etmək məcburiyyətində qalıbdır. Məsələ burasındadır ki, Ermənistan Rusiyanın forpostu olaraq zamanında yaradılıbdır və mövcud olubdur. Rusiyanın kifayət qədər böyük dəstəyi sayəsində bir qondarma dövlət olaraq da mövcudluğunu qoruyub saxlayıb və ərazilərini genişləndirib. Ermənistan Rusiyanın hərbi və iqtisadi təsiri altında olan bir ölkə olaraq qalır. Hazırda Rusiyanın hərbi bazası Ermənistanda yerləşir və son 2-3 ildə burada rus əsgərlərinin sayı artırılıb. Ermənistanın Türkiyə və İranla sərhədləri də rus hərbçiləri tərəfindən qorunur, eyni zamanda Rusiya hərbi hava qüvvələri burada fəaliyyət göstərir. İqtisadi baxımdan Ermənistan Rusiyadan asılıdır. Rəsmi statistikaya görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi iki dəfədən artıq artıb və bu da kifayət qədər böyük dəstəkdir”.
Arzuxan Əlizadə vurğulayıb ki, Rusiyanın dominant təsir dairəsində olan Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İttifaqına üzv olmaqla yanaşı, kommunikasiya baxımından da Rusiyadan asılıdır:
“Məsələn, Lars keçid məntəqəsi Ermənistanın Rusiyaya çıxışı üçün əsas əlaqə nöqtəsidir. Bu keçidin Rusiya tərəfindən istənilən vaxt bağlana biləcəyi və hava şəraitinin pisləşməsi fonunda yolun bağlanması ehtimalı Ermənistanın iqtisadi və logistik vəziyyətini çətinləşdirir. Yəni bütövlükdə Rusiyadan sona qədər asılı bir vəziyyətdə olan Paşinyan, digər tərəfdən də üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməyə çalışır ki, bu cür erməni sayağı “tülkülüklər” etməklə təşkilatlardan hansısa formada boyun qaçırır. Bununla Qərb ağalarının qarşısında üzərinə götürdüyü öhdəlikləri hansısa formada onlara çatdırmaq istəyir ki, guya Rusiya asıllığından Ermənistanı qoparmaq fikrindədir. Paşinyan yaxın bir neçə il ərzində Rusiya asıllığından çıxa bilməyəcək. Ermənistan Rusiyanın təsirindən çıxa belə, bu, böyük fəlakətlərə gətirib çıxara bilər. Belə olan halda, Ermənistanın sanksiyalara məruz qalan İranın dəstəyi ilə nəyəsə nail olması mümkün deyil.
Deputatın sözlərinə görə, bütövlükdə Ermənistanın hazırkı durumu nəinki xoşagələn deyil, hətta acınacaqlıdır və bu vəziyyət davam etməkdədir:
“Ermənistanın ikili siyasət yürütməsi, müstəqil qərar qəbul edə bilməməsi və fərqli güclərə xidmət göstərməsi ölkənin regional mövcudluğunu sual altına qoyur. Əgər Ermənistan həqiqətən də bölgədə varlığını qorumaq istəyirsə, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, kommunikasiya xətlərini açmalı və Azərbaycanın haqlı tələbləri ilə razılaşmalıdır. Əks halda, Ermənistanın vəziyyəti daha da pisləşəcək. Bunu həm Paşinyan, həm də digər erməni rəsmiləri, eləcə də ölkədə müxtəlif formalarda nüfuzu olan siyasi və ictimai xadimlər dərk etməlidirlər. Ermənistanın gələcəyi yalnız düzgün qərarlar qəbul etməklə və regional əməkdaşlığa üstünlük verməklə təmin edilə bilər”.
Mehin Mehmanqızı