AZ

Təyyarə qəzası: Ölən və yaralananlar, Azərbaycan rəhbərliyinin çevik reaksiyası, Qazaxıstanın qardaş dəstəyi - REZUME

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə nəticəsində təyyarədə olan 62 sərnişin və 5 ekipaj üzvündən 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev qəzada 38 nəfərin həlak olduğunu açıqlayıb.

Hadisədən dərhal sonra Qazaxıstan hökuməti operativ qərargah yaradıb, Qazaxıstan FHN-nin qüvvələri və həkim briqadaları hadisə yerinə cəlb edilib.

Hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Sankt-Peterburq şəhərində keçirilən MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

Təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verilib.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında qəza ilə bağlı operativ müşavirə keçirib. Ölkədə bir günlük matəm elan olunub. Prezident yaralılara yardım göstərmək üçün əlavə həkim briqadalarının Qazaxıstana ezam edilməsi barədə tapşırıq verib. Həmçinin qəzada həlak olan Azərbaycan vətəndaşlarının ailələrinə lazımi dəstəyin göstərilməsi barədə tapşırıqlar verib.

Qəza ilə bağlı Azərbaycan və Qazaxıstan dövlət qurumları qarşılıqlı fəaliyyət göstərib, hər iki ölkənin media qurumları operativ məlumatlandırma həyata keçiriblər. Mütəmadi olaraq məlumatlar Azərbaycan ictimaiyyətinə çatdırılıb.

Əlbəttə, sosial şəbəkələrdə və ilkin məlumatlarda qəza ilə bağlı müxtəlif versiyalar da səsləndirilib. Xüsusilə qeyd etmək yerinə düşər ki, hazırkı məqamda səslənən bütün versiyalar yalnız hipotezlərdir. Qəzanın səbəbləri ilə bağlı təsdiqlənmiş məlumat yalnız yaradılmış komissiyanın araşdırma nəticəsində gələcəyi yekun rəydən və “qara qutu”nun dinlənilməsindən sonra aydın olacaq.

Qəza ilə bağll ilkin görüntülər, şahidlərin danışığı, təyyarənin içindən yayılan qəzadan öncəki görüntülər isə pilotların və təyyarə bələdçilərinin peşəkarlığından, səbr və təmkinindən xəbər verir.

Görüntülərin ilkin analizi onu deməyə imkan verir ki, məhz pilotların peşəkarlığı nəticəsində qəzada xeyli sərnişin sağ qala bilib.

Nə baş verdiyi barədə hələlik dəqiq məlumat olmasa da, yayılan görüntülər idarəni itirmiş təyyarədə yalnız pilotların peşəkarlığı və qəhrəmanlığı sayəsində sərnişinlərin bir qisminin sağ qalmasının mümkün olduğunu söyləməyə əsas verir.

Təyyarə bələdçilərinin peşəkarlığı, bu cür vəziyyətdə belə bütün təlimatlara uyğun davrandığını, salonda təşvişə imkan vermədiyi yayılan görüntülərdə əksini tapıb.

Şübhəsiz ki, təyyarə bələdçiləri eniş vəziyyətinə görə arxa sıraların daha təhlükəsiz olduğunu biliblər. Lakin onlar son ana qədər sərnişinlərin təlimata uyğun davranması üçün çalışıb və yerlərini tərk eləməyiblər.

Xüsusi qeyd etməyə ehtiyac var ki, bu gün Qazaxıstan ictimaiyyətinin göstərdiyi qardaş həssaslığı unudulmazdır. Aktauda yüzlərlə soydaşımız və qazax qardaşlarımız xəstəxanalara axın edib, yaralılara qan verdilər. Azərbaycanın Qazaxıstandakı səfirliyinin önünə gül dəstələri düzüb, həlak olanların xatirəsinə ehtiram göstərdilər.

Hadisənin araşdırılması, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətindəki işlər davam etdirilir.

Seçilən
16
50
apa.az

10Mənbələr