AZ

“Rail Abbasov Bəxtiyar Hacıyevin dostu olduğuna görə cəzalandırılıb”

Vəkil deyir ki, o, təqsirsizdir və azadlığa buraxılmalıdır

Həbsdə olan ictimai fəal Rail Abbasova prokuror 8 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Amma vəkili Elçin Sadıqov dekabrın 26-da müdafiə çıxışında bildirib ki, o, təqsirsizdir və azadlığa buraxılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən vəkilin sözlərinə görə, Rail Abbasov həbsdə olan dostu – ictimai fəal Bəxtiyar Hacıyevin müdafiəsində yaxından iştirakına görə cəzalandırılıb.

Vəkil bildirib ki, Rail Abbasova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə irəli sürülmüş ittiham – onun ev satmaq adı ilə Əsgər Həziyev adlı şəxsdən pul alması barədə cinayət işində yazılanlar tamamilə yalandır.

Müdafiəçi vurğulayıb ki, bu barədə ortada Əsgər Həziyevin ifadəsindən başqa heç bir mötəbər sübut dəlil yoxdur.

Vəkil hakimlər Mahirə Kərimova, Anar Sadıqov və Fəxri Məmmədovun nəzərinə çatdırıb ki, Əsgər Həziyev özü Rail Abbasova görüşmək təklif edib.

Həmin görüş zamanı da ona bir sellofan torbanın içində şokolad gətirdiyini deyib: "Doğrudan da, onun içində şokolad qutuları olub və Rail onu götürüb. Deyir ki, guya onun içində 217 min pul olub”.

Elçin Sadıqov bildirib ki, sellofan torbada pul olduğunu təsdiqləyən heç bir sübut yoxdur və bu, qarşı tərəfin yalanıdır.

Vəkilin sözlərinə görə, ev alan şəxs pulu alqı-satqı zamanı banka köçürür, satan da həmin vəsaiti bankdan götürür: "Əsgər Həmzəyev niyə o boyda pulu Rail Abbasova verməliydi? Deməli, bütün bunlar yalandır və Rail Abbasovun həbs olunması üçün qurulmuş ssenaridir”.

Vəkilin çıxışından sonra Rail Abbasov məhkəmədə son sözünü deməlidir, lakin o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi yanvarın 9-da davam edəcək.

Rail Abbasov məhkəmədə ifadə verərkən özünü həbsdə olan dostu, ictimai fəal "Bəxtiyar Hacıyevin girovu” adlandırıb.

O bildirib ki, Bəxtiyar Hacıyevlə dostluğuna, onu müdafiə etdiyinə görə şərlənərək həbs olunub.
Seçilən
89
50
arqument.az

10Mənbələr