AZ

“Demokrat” Bayden demokratların düşməninə çevrilir...

ABŞ-da cari il noyabrın 5-də baş tutan prezident seçkilərində respublikaçıların namizədi Donald Tramp qalib gəlsə də, hələ də rəsmi qaydada vəzifəsinin icrasına başlamayıb. Ölkə qanunvericiliyinə əsasən, ABŞ-ni idarə etmək səlahiyyəti gələn il yanvarın 20-dək demokrat Cozef Baydendə qalır. Sağlam məntiqə görə, respublikaçılar vəzifələrinin başına keçməyə tələsməli, demokratlar isə, necə deyərlər, zamanı tutub saxlamağa çalışmalıdırlar. Ancaq təzadlı mənzərə ondan ibarətdir ki, demokratların düşərgəsində də Baydenin vəzifəsindən daha tez getməsi arzulanır.

Baydenin gedişi səbirsizliklə gözlənilir

ABŞ mətbuatında yayılan xəbərlərə görə, Demokratlar Partiyasının nümayəndələri respublikaçı Donald Trampın dövlət başçısı postunu tutacağına sevinməsələr də, prezidentliyinin başa çatmasından məyus olan Cozef Baydenin gedişini səbirsizliklə gözləyirlər. “Hill” qəzeti bu barədə Demokratlar Partiyasının lobbiçilərinə istinadla məlumat yayıb. “Demokratların heç biri Trampı prezident kimi görmək istəmir, lakin hər kəs Baydenin səlahiyyət müddətinin başa çatmasına hazırdır”, - deyə nəşrin həmsöhbətlərindən biri bildirib. Onun sözlərinə görə, Cozef Baydenin oğlu Hanteri əfv etməsi demokratlar arasında xüsusi qəzəbə səbəb olub.

Eyni zamanda, bəzi demokratlar Donald Trampın son bir ayda öz ətrafında yaratdığı ajiotajdan qıcıqlanmayıb və onun qeyri-etik davranmadığını, həmçinin səkkiz il əvvəlkindən daha balanslı göründüyünü qeyd ediblər.

2017-2021-ci illərdə ABŞ Prezidenti olan Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində də qalib gəlib. O, XIX əsrdən bəri dördillik fasilədən sonra Ağ Evə qayıdan ilk amerikalı siyasətçi olub.

Xatırladaq ki, seçki marafonu kifayət qədər gərgin keçib. Demokratlar marafona Baydenin namizədliyi ilə başlasalar da, sonradan baş verənlər qoca Baydenin digər namizədlə əvəzlənməsinin zəruriliyini ortaya qoydu. Lakin Baydeni əvəzləyən vitse-prezident Kamala Harris aktiv təbliğat kampaniyası aparsa da, demokratları məğlubiyyət acısı yaşamaqdan xilas edə bilmədi.

Demokratları incik salan səbəblər

İlk baxışda elə təəssürat yaranna bilər ki, demokratların öz liderlərinə münasibətlərini dəyişmələri Baydenin son vaxtlarda situasiyaya adekvat olmayan davranışlar sərgiləməsindən qaynaqlanır. Əlbəttə, burada həqiqət payı yox deyil. Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Demokratları Baydenlə düşmən edən səbəblər yalnız qoca prezidentin yaşı və yaxud səhhət problemləri ilə bağlı deyil. Demokratların Baydenin gedişini səbirsizliklə gözləmələrini təhlil edən analitiklər diqqəti daha çox dərəcədə onun vəzifəsini tərk edəcəyi ərəfədə aldığı qərarlara çəkirlər. Bildirilir ki, Bayden xələfi üçün pis miras qoymağa çalışır və bundan ötrü əlindən gələn hər şeyi edir, hətta vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdən belə çəkinmir. Təbii ki, demokratlar da baş verənlərin fərqindədirlər.

Beləliklə, demokratları Baydendən incik salan bəzi səbəblərə diqqət çəkək. Burada heç şübhəsiz ki, prezidentin bir qədər bundan əvvəl oğlu Hanteri əfv etməsini xüsusi vurğulaya bilərik. ABŞ-nin yeri gəldi-gəlmədi başqa dövlətlərə demokratiya dərsi verməyə çalışdığı hər kəsə bəllidir. Digər tərəfdən, ədalət hamı üçün olmalıdır, qanunlar sıravi vətəndaşlara və prezident oğluna fərqli izahlarla şamil edilməməlidir. Məlumdur ki, Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib. ABŞ mətbuatının yazdığına görə, Baydenin oğlu əyyaş, narkoman, cinayət törətmiş şəxsdir və 2018-ci ildən onun vergidən yayınması və qanunsuz silah saxlaması ilə bağlı araşdırma apaılır. 2023-cü ilin dekabrında isə konkret ittiham irəli sürülüb və barəsində məhkəmə qərarı var.  Ata Bayden isə prezident səlahiyyətindən sui-istifadə etməklə Ağ Evi tərk etmək ərəfəsində  cinayətkar oğlunu bağışlayıb. Çox doğru olaraq prezidentin bu addımı demokratiyaya arxa çevrilməsi, ədalətin tapdanması anlamında qəbul olunaraq pislənir. Ölkənin hazırkı lideri Baydenin qanunları heçə sayaraq verdiyi bu qərarı hiddətlə qarşılayanlardan biri də ABŞ-ın yeni seçilmiş prezidenti Tramp olub. O, bunu sui-istifadə və hüququn aliliyinin pozulması kimi dəyərləndirib.

Baydenə ikrah hissi yaradan digər bir səbəb kimi onun gizli “Ukrayna planı” göstərilir. Obrazlı şəkildə bildirilir ki, Bayden administrasiyası tarixdə “müharibə hökuməti” kimi qalacaq. Bəli,  Bayden dönəmində dünyanın müxtəlif regionlarında dağıdıcı müharibələr alovlanıb. Bu müharibələrdə ABŞ rəsmi olaraq iştirak etməsə də, Vaşinqtonun proseslərdə əsas rol aldığı, rəqabətdə olduğu ölkələri proksiləri vasitəsilə zəiflətməyə çalışdığı və bu məqsədlə külli miqdarda büdcə vəsaitləri yönəltdiyi hər kəsə yaxşı məlumdur. Rusiya-Ukrayna müharibəsində də Kiyevi  dəstəkləyən ölkələr sırasında ABŞ xüsusi fəallığı ilə seçilir. Bir qədər bundan əvvəl Ağ Evdə prezidentlik dönəmini başa vurmağa hazırlaşan C.Baydenin Ukrayna müharibəsi ilə bağlı növbəti məxfi planı üzə çıxıb. Belə ki, o, gizli şəkildə Konqresdən Kiyev üçün əlavə 24 milyard dollar vəsait istəyib.

Qeyd edək ki, bundan əvvəl də prezident Baydenin Ukrayna ilə bağlı gizli planı aşkarlanmışdı. Söhbət Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı strategiyasına dair Konqresə təqdim olunan məxfi hesabatından gedir. Həmin hesabatla bağlı məlumatları  “Reuters” öz mənbələrinə istinadən yaymışdı. Hesabat sentyabr ayının 9-da Konqresə çatıb. “Reuters”in məlumatına görə, münaqişənin başlanmasından keçən iki il yarım ərzində Konqres Ukraynaya və müttəfiq ölkələrə müxtəlif yardımlar üçün demək olar ki, 175 milyard dolların ayrılmasını təsdiqləyib.

Ağ Ev niyə məxfiliyə üstünlük verir? Analitiklər Bayden administrasiyasının ehtiyatlı davranmasının əsas səbəbinin cəmiyyətin məlum məsələyə mənfi münasibət bəsləməsi ilə bağlı olduğunu bildirirlər. İnsanlar sual edirlər: Büdcə vəsaitləri nə üçün milli ehtiyacların qarşılanmasına deyil,  xarici ölkələrə yönəldilir?

Mübariz ABDULLAYEV

Seçilən
9
36
yeniazerbaycan.com

10Mənbələr