2025-ci ilin dövlət büdcəsini təsdiq edilib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407 milyon manat (+4,2 %) olacağı gözlənilir.
Maraqlıdır, maaş, pensiya, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, gələn il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək.
Onun sözlərinə görə, 2021-ci illə müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var:
"Vətən müharibəsi başa çatdıqdan sonra- 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olubsa, 2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə 15,5 milyard manat təşkil edib, 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə müqayisədə gələn il sosial xərclər 4,7 milyard manat artıq proqnozlaşdırılır".
Millət vəkili qeyd edib ki, maaş, pensiya, müavinət və təqaüdlərə əvvəlki illərlə müqayisədə daha çox vəsait nəzərdə tutulur:
"Bu vəsaitərin 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləğinin 531 manata çatması proqnozlaşdırılır. Yaşa görə əmək pensiyaları isə 569 manat olacaq. Əmək pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min nəfər vətəndaşımızın pensiyalarına şamil olunacaq.
Azərbaycanın müdafiə qabilyyətinin daha da gücləndirilməsinə büdcədən 8 milyard 396 milyon manat nəzərdə tutulub. Qarabağ-Şərqi Zəngəzura minumum 4 milyard manat vəsait ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacaq".
V.Bayramov sonda vurğulayıb ki, bütövlükdə, 2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir.
Firuzə Əliyeva