Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Pravda.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçıları Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı başsağlığı veriblər.
"Tərəflər təyyarənin qəzaya uğrama şəraitinin araşdırılması istiqamətində görülən işləri müzakirə ediblər. Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan Respublikasında yaradılmış Hökumət Komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssisləri cəlb etməklə araşdırmaları davam etdirir.
Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğulayıblar", - məlumatda vurğulanıb.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.