Bu gün başlayandan dünyada təyyarə ilə bağlı üçüncü insident baş verib.
"Bakuinfo"nun news.ru-ya istinadla verdiyi məlumata görə, insident Oslo-Amsterdam reysi lə hərəkət edən "Boeing 737-800"də baş verib.
Bildirilir ki, "KLM Royal Dutch Airlines" şirkətinə məxsus hava gəmisi hidravlik sistemdəki nasazlıq səbəbindən Norveçdə təcili eniş etməyə məcbur olub. Təyyarə Norveç paytaxtından 110 km cənubda yerləşən Sandefjord hava limanına yönəldilib. Uğurlu enişə baxmayaraq, təyyarə uçuş-eniş zolağından kənara çıxaraq ot örtüyü üzərində dayanıb.
Göyərtədə sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 182 nəfər olub. Xəsarət alan yoxdur.
Sərnişinlər mobil traplar vasitəsilə təxliyə edilib. Hadisə yerinə təcili xilasetmə xidmətləri gəlib.
Hazırda hakimiyyət orqanları və aviaşirkət nümayəndələri sərnişinlərə və ekipaja lazımi yardım göstərirlər. Hidravlik sistemin nasazlığının səbəbləri və hadisənin təfərrüatı araşdırma çərçivəsində öyrəniləcək.
Xatırladaq ki, bu gün Cənubi Koreyada təyyarə qəzası baş verib - təcili eniş edən hava gəmisi uçuş-eniş zolağından yan keçərək hasara çırpılıb. Təyyarədə olan 175 sərnişin və altı ekipaj üzvündən yalnız iki nəfər sağ qalıb. Bundan əlavə, Kanadada "PAL Airlines" şirkətinə məxsus təyyarə Halifaks hava limanında təcili eniş zamanı yanıb.