AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsi "Rusiya tərəfindən vurulub". Bunu Prezident İlham Əliyev deyib. O bildirib ki, Rusiya Azərbaycandan üzr istəsə də, Rəsmi Bakının digər iki şərtini hələ də yerinə yetirməyib. Onun sözlərinə görə, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.
Kreml-in İlham Əliyevin bu açıqlamasına hələ ki reaksiyası yoxdur. Rusiya Prezidenti Putin dekabrın 27-də təyyarə qəzasına görə üzr üstəyib və deyib ki, Rusiyanın hava məkanında "faciəvi hadisə" baş verib.
Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan "Embraer 190" sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da, sonradan təyyarə Qazaxıstanın Aktau hava limanına yönləndirilib və orada qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 67 nəfərdən 38 ölüb, 29-u yaralanıb. Ölənlər arasında iki pilot və bir stüardessa da var.
Putin təyyarə qəzasına görə üzr istəyib, amma Rusiyanın cavabdehliyini etiraf etməyib
İlham Əliyevin sözlərinə görə, təyyarə qəzasından sonra Rusiya tərəfindən hadisənin ört-basdır edilməsi cəhdləri olub. O deyib ki, qəzanın səbəblərini "hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır".
Cavabsız suallar
Prezident deyib ki, "qara qutu"lar açılandan sonra bir çox suallara cavab olacaq: "Nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi.
Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək.
Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi.
Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur".
"Dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəməkdənsə..."
İlham Əliyevin sözlərinə görə, əldə olunan faktlar budur ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni, demək olar ki, itirmişdir.
"Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib".
İlham Əliyev deyir ki, ola bilsin, ilk zərbədə pilotlar quşla toqquşduqlarını güman etsinlər, çünki "heç kimin ağlına gələ bilməzdi ki, dost ölkədə" onun təyyarəsinə yerdən atəş açılsın.
"Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir".
İlham Əliyev hesab edir ki, təyyarə təsadüfən vurulub, amma onun fikrincə, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirməkdənsə, üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə deyilməyib.
"Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır".
Azərbaycan Rusiyadan tələb edir ki...
Azərbaycanın Rusiyadan 3 tələbi var, Əliyev deyib.
Onun sözlərinə görə, dekabrın 27-də onlar Rusiyaya öz tələblərini rəsmi olaraq çatdırıblar: "Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir".
Əliyev deyib ki, bu şərtlərdən birincisi artıq təmin edilib, Rusiya üzr istəyib. O ümid edir ki, digər şərtlər də yerinə yetiriləcək.
Rəsmi Kremlin Azərbaycan Prezidentinin bu açıqlamasına şərhi yoxdur.
Rusiyanın 10 şəhərinə uçuşlar niyə dayandırılıb?
İlham Əliyev deyib ki, Rusiyanın bəzi şəhərlərinə uçuşun dayandırılması ilə bağlı göstəriş verib: "Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna "kavyor əməliyyatı" deyirlər". Bir şeyin də üstü açılmalıdır ki, o "kavyor əməliyyatı" nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o "kavyor əməliyyatı" elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər".
Prezident deyib ki, AZAL Rusiyanın 7 şəhərinə uçuşunu dayandırıb, üstəlik Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırıblar.
Bu uçuşların nə vaxt bərpa olunacağı isə təhlükəsizliklə bağlıdır, İlham Əliyev deyib: "Nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır".