Azərbaycan Prezidentinin mövqeyi xalqın iradəsini əks etdirir
Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi. AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlərdən danışan Ölkə Prezidenti bildirdi ki, o, Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırıldı, dərhal göstəriş verdi və təyyarə geri - Bakıya döndü. Dövlət başçısı Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdi. Hələ Bakıya qayıdarkən cənab Prezidentin göstərişilə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, dövlət başçısının göstərişilə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və həm Qazaxıstanda, həm də Rusiyada oxşar addımlar atılmışdır. Günahı etiraf etmək və vaxtında üzr istəmək vəzifəsindən söz açan ölkə başçısı qeyd etdi ki, təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, ilkin olaraq ortaya atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik. Dövlət başçısı vurğuladı ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır. Ölkə rəhbəri söylədi ki, açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır. Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Azərbaycan tərəfi və şəxsən cənab Prezident maksimum ədalətli olmağa çalışır. Dövlətimizin başçısı açıq-aydın olan məsələlərdə tam qətiyyətlə öz fikrini deyir. Pilotların və bütün ekipajın böyük qəhrəmanlığından söz açan ölkə başçısı bildirdi ki, onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirir. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz.
Bu gün AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırıb, müddətsiz olaraq. Eyni zamanda, Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşları da dövlətimiz tərəfindən dayandırılıb. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Azərbaycanın Rusiyadan tələblərinə gəlincə ölkə başçısı bildirdi ki, dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq təmin edilib. Ümid edirik ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir təşkilatının sədri.