“Çelsi”nin baş məşqçisi Entso Mareska “İpsviç Taun”un 21 yaşlı ingilis hücumçusu Liam Delap haqda fikrini paylaşıb.
Arena.az xəbər verir ki, daha əvvəl mətbuatda, “zadəganlar”ın gələn ilin yay transfer pəncərəsində Delapla müqavilə imzalaya biləcəyi ilə bağlı məlumat yayılmışdı.
Entso Mareska yayılmış xəbərlərə bu sözlərlə münasibət bildirib:
“Liam fantastik oyunçudur. Yaşını nəzərə alsaq, o, İngiltərə yığması üçün vacib oyunçu ola bilər”, deyə italyan mütəxəssis bildirib.
Yeri gəlmişkən, “Liverpul”un və İngiltərə yığmasının keçmiş müdafiəçisi Ceymi Karraqer Premyer Liqa çempionluğu uğrunda mübarzə aparmaq üçün “Çelsi”nin gücləndirməli olduğu mövqeləri qeyd edib. İngilis təhlilçinin bu barədə fikrini təqdim edirik:
“Bütün məsafəni keçməzdən əvvəl, onlara başqa bir qapıçı və mərkəz yarımmüdafiəçisi gərəkdir”, deyə Karrager vurğulayıb.
Xatırladaq ki, Liam Delap “Mançester Siti”nin yetirməsidir. İngilis hücumçu “şəhərlilər”in əsas komandasında meydana çıxdığı 6 oyunda 1 qol vurub. O, bu klubda olarkən icarə əsasında “Stok Siti”, “Hall Siti” və “Preston Nord End” klublarında da çıxıb edib.
“İpsviç Taun” Liam Delapı 2024-cü ilin iyul ayında “Mançester Siti”dən 17,85 milyon avroya transfer edib. 21 yaşlı forvard bu komandanın heyətində 18 oyuna çıxıb, 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Gənc hücumçu İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında (U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib. Liam Delapa hələlik əsas yığmada debüt etmək qismət olmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.