Ajans.az xəbər verir ki, Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur.
Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşıb. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilib.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu. Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verdi:
"Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksəkrütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq".
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olub.
View this post on Instagram