“Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.
“Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır”, - İlham Əliyev əlavə edib.
Prezident bildirib ki, bu gün aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb:
“Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”.
İlham Əliyev deyib ki, əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi.
“Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.
“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.
"Cebheinfo.az"