Xəbər verdiyimiz kimi, metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur. Qonşu ölkələrdə də bu xəstəliyə yoluxanların olması bizi də düşündürür və təşvişə salır. Əhalini maraqlandıran əsas suallar da elə bu virusdan qorunma yolları, yoluxma olarsa, müalicə üsullarıdır.
Yeni yayılmış metapnevmovirus haqqında Trend-ə danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev xəstəliyin müalicəsi, qarşısının alınması və simptomları ilə bağlı məlumat verib.
“Bu virus ilk dəfə 2001-ci ildə Niderlandda aşkar olunub. Yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, hətta pnevmoniyasına səbəb ola bilir. Hava-damcı yolu ilə yoluxur ki, bu da önəmli məqamdır. 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar, körpələr, xroniki orqan çatışmazlığı olan xəstələr bu xəstəliyi daha ağır formada keçirə bilir. Bu xəstəliyi ağır keçirən şəxslərdə ölüm riski digərlərinə görə daha yüksəkdir.
Yanaşı xəstəliyi olmayan şəxslərdə bu xəstəlik yüngül formada keçir. Öskürək, burun axıntısı, nəfəs darlığı, temperatur, sinədə xışıltı xəstəliyin əsas əlamətləridir. Xəstəliyi digərlərindən ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu virusa qarşı peyvənd araşdırma mərhələsindədir, yəni təsdiqlənmiş bir peyvəndi yoxdur. Müalicə yollarından isə ən doğrusu simptomatik müalicədir. Xəstəliyin erkən mərhələlərində antibiotik, sistem istifadə etmək xəstənin daha da ağırlaşmasına gətirib çıxara bilər.
Bu baxımdan, səhv müalicə etməkdənsə, sadəcə simptomatik müalicə etmək ən doğru seçimdir. İlk vacib olan məsələ bu xəstəliyə yoluxmamaqdır. Buna görə də bu xəstəliyə yoluxan insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, ara məsafəsi saxlayıb, gigiyena qaydalarına uymaq virusa yoluxmamanın ən etibarlı yoludur. Xəstə şəxslərə məsləhətim odur ki, ev şəraitində qalsınlar. Onların izolyasiyası ən doğru addımdır. Hətta risk qrupuna daxil olan insanlar xəstəlikdən sağalmış şəxslərdən belə virusa yoluxa bilərlər. Buna görə də sağalmış şəxləri belə bir müddət nəzarətdə saxlamaq lazımdır”, – deyə həkim vurğulayıb.
Həkim-infeksionist Mərdan Əliyev isə bildirib ki, bu virus koronavirus kimi pandemiya yaratmaq potensialına malik deyil.