AZ

Rizvan Nəbiyev: Ermənistan SSR-nin 36 inzibati rayonundan 32-də azərbaycanlılar yaşayıb

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1988-ci ildən etibarən Azərbaycanlılara qarşı deportasiya prosesinin sonuncu mərhələsinin həyata keçirilməsi, etnik təmizləmə barədə açıqlaması, əslində ifşaedici etirafları yayılıb.

"Operativ Media" xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev AZTV-də öz fikirlərini bildirib:

"Verilən açıqlamanın Levon Ter-Petrosyanın Ermənistanın Prezidenti və Ali Baş Komandanı olduğu dövrdə olmasını nəzərə alaraq, bu siyasətin Ermənistanın dövlətçilik mahiyyətinin (state de raison) əsasında dayandığını deyə bilərik. Bunu Ermənistanın sonrakı siyasi liderlərinin yanaşması və açıqlamaları da təsdiqləyir. Bu açıqlamada Ter-Petrosyan erməni dövlətinin etnik təmizləmə əsasında qurulduğunu, həmçinin Ermənistanın müdafiəsinin etnik təmizləmə əsasında mümkün olduğunu fəxarətlə bildirir. Sonrakı Prezident Robert Köçəryan isə Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğunu bildirmiş və azərbaycanlılarla ermənilərin birlikdə yaşaya bilməyəcəyini vurğulamışdı. Prezident Serj Sarkisyan isə De Valla müsahibəsində ermənilərin mülki əhaliyə əl qaldırmayacağı barədə olan mifin Xocalıda dağıdıldığını qeyd etmişdi. Baş nazir Paşinyan isə Azərbaycan ərazisinin beynəlxalq hüquqla ayrılmaz hissəsi olan Qarabağı Ermənistanın tərkib hissəsi elan edərək nöqtə qoyulduğunu vurğulamışdı. Bu açıqlamalar vahid siyasi xətti təsdiqləyir.  

Levon Ter-Petrosyan bu açıqlamasında 600 il həsrətində olduqları məsələni həll etdiklərini vurğulayır. Bu açıqlama digər tərəfdən təsdiqləyir ki, Levon Ter-Petrosyan son 600 ildə Ermənistanın Qarabağla heç bir əlaqəsinin olmadığını, əksinə Qarabağın Azərbaycan ərazisi olmasını etiraf edib. Nəzərə alsaq ki, Qarabağ sözünə yazılı mənbələrdə 13-cü əsrin ortalarında Hülakilər dövrünün tarixçisi Rəşidəddinin salnaməsində rast gəlinir. Deməli, bu 600 il hardasa həm də həmin vaxtdan Ter-Petrosyanın açıqlamasınadək olan dövrü də əhatə edir.

Ermənistan siyasi liderinin açıqlaması bir daha sübut edir ki, ermənilərin əsrlər boyu dövləti olmayıb. Bunu dövlət xadiminin etiraf etməsinin isə başqa bir siyasi çəkisi var. Levon Ter-Petrosyan müsahibəsində söylədiyi 600 il həm də Kilikiya çarlığının süqutundan sonra başlanan dövrə də şamil oluna bilər. Bu çarlığı erməni tarixçilərindən başqa heç kim erməni dövləti kimi tanımır. Əsasən Türkiyənin cənubunda, Aralıq dənizi sahillərini əhatə edən bu çarlıq 14-cü əsrin ikinci yarısında süqut edib. Bundan sonra erməni kilsəsi Xaç yürüşlərində iştirak edib. Osmanlı sultanı İİ Murad ermənilərin də qatıldığı xaç yürüşlərini darmadağın edir. Ermənilər Osmanlı qəzəbindən qorunmaq üçün Qaraqoyunlu dövlətində müraciət edir, Qaraqoyunlu şahı Cahanşah ermənis kilsəsinin 1430-1441-ci illərdə ermənilərin hazırda Eçmiədzin adlandırdığı Üçmədzin ətrafına köçürülməsinə razılıq verir.

Ter-Petrosyan bu çıxışında dəfələrlə "Biz Ermənistanı digər millətlərdən təmizlədik" ifadəsini işlədir. Keçmiş Ermənistan prezidentinin bu təmizləmə siyasəti etnik təmizləmə deməkdir. Etnik təmizləmə isə, insanlıq əleyhinə cinayət və soyqırımı cinayətidir. Bu etirafları isə Ermənistanın həmin dövrdə ali siyasi və hərbi vəzifəli şəxsi edir. Bir sözlə Ermənistanın əsrlər boyu başqalarının əraziləri hesabına, onların təmizlənməsi hesabına dövlət qurmaq niyyətinin olduğunu təsdiqləyir.

Levon Ter-Petrosyan ərazi ilə bağlı danışarkən belə bir ifadə səsləndirir: "Biz artıq “Artsax”ı və bir az da geniş ərazini ələ keçirmişik". Ermənistanın o vaxtkı prezidenti beynəlxalq hüquqla Azərbaycan Respublikasının sərhədləri çərçivəsində olan Ağdamı və ətraf əraziləri nəzərdə tutur.

Levon Ter-Petrosyan siyasi partiyasının hərbi qanadı olan “Yekrapa” ilə bağlı məsələlərə də toxunur. Vazgen Sarkisyan 1999-cu ilə qədər Yekrapahın rəhbəri olub. Bu fraksiyanın 5 minlə 30 minə qədər silahlı dəstəsi olub. Sonradan, bu qruplaşmanın veteran olan üzvlərinin cəmiyyətdə və hətta parlamentdə müəyyən fərqli statusu olub. Qeyd edim ki, Yekrapa” sonradan fraksiya şəklində də parlamentində təmsil olunub. Terror təşkilatı kimi tanınmalı olan “Yekrapa”nın Ermənistanın siyasi-hərbi niyyətini həyata keçirməkdə xüsusi rolu olub. Bu isə cinayət məsuliyyəti deməkdir.

Levon Ter-Petrosyanın açıqlamasında Azərbaycanda yaşayan ermənilərin də"instrument" kimi hərb-siyasi məqsədlərin reallaşdırılmasında istifadə olunmasını etiraf edir. Bu ermənilərin Azərbaycanda qalacağı təqdirdə “Azərbaycanın əlində girova çevriləciyini” bildirir.

Levon Ter-Petrosyan açıqlamasında “biz digər millətləri təmizləməklə Ermənistanın müstəqillyinə, Artsaxla birləşməsinə nail olduq” etirafı səsləndirilir. Levon Ter-Petrosyan ad çəkməsə də, sayı təhrif olunmuş şəkildə Azərbaycanlı türklərini nəzərdə tutur. Bildirir ki, onlar (yəni azərbaycanlılar) burada olsaydı, biz dövlətimizi müdafiə edə bilməzdik.Ermənistan SSR ərazisində 36 inzibati rayon olmuşdur. Onun 32-sində azərbaycanlılar məskunlaşıb. Bir neçə rayonda Basarkeçər, Uluxanlı və Amasiyada isə azərbaycanlılar mütləq əksəriyyət təşkil etdiyini etiraf edir. Basarkeçər rayonunda 34 kənd olub, onun 27-sində azərbaycanlılar məskunlaşıb. Levon Ter-Petrosyan açıqlamasında Basarkeçər rayonunun adını çəkir, çünki bu rayon dağlıq bir ərazi olduğundan Ermənistanın hərbi işğalçılıq siyasətini həyata keçirmək üçün xüsusi strateji əhəmiyyətə malik olub. Xüsusi ilə, Ermənistanın Kəlbəcəri işğal etməsində Basarkeçər hərbi strateji rol oynayıb.

Bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanlılar öz dogma torpaqlarına qayıtmaq hüququna malikdirlər. 1 yanvar 1988-ci ildən, 1 yanvar 1992-ci ilədək Qərbi Azərbaycandan qovulan azərbaycanlılara Azərbaycan Respublikasının vətəndaşlığı verilib. 1988-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı vətəndaşlıq haqqında qanuna əsasən, bu kateqoriya ayrıca qeyd olunur. Həmin Qanunun 5-ci maddəsində bildirilir ki, həmin tarixlərdə Azərbaycana gəlmiş və Azərbaycan vətəndaşlığı almış qaçqınlar öz ölkələrinə geri qayıtmaq hüququnu saxlayır.

Qərbi Azərbaycanlıların bizim qanunvericiliklə bu təsbit olunmuş geri qayıdış hüququ beynəlxalq konvensiyaların, 1948-ci il İnsan hüquqları haqqında Ümümdünya bəyannaməsi və 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Paktın müddəaları ilə də üst-üstə düşür. Cənab Prezident də çıxışlarında bildirib ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına, evlərinə geri dönüşü Ermənistan Respublikasına qarşı ərazi iddiası deyil. Bu, həmin ərazidən, öz tarixi torpaqlarından güc şəraitində qovulmuş insanların beynəlxalq hüquqla təsbit olunmuş geriyə dönüş hüququnun implementasiyasıdır.

Seçilən
10
13
operativmedia.az

10Mənbələr