Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son zamanlar əsasən "Şevrolet Kobalt" ("Chevrolet Cobalt") avtomobillərinə qaz balonu yerləşdirilməsi üçün BDYPİ-nin razılıq verməsinə görə narazılıqlara münasibət bildirib.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bu mövzuda polis polkovnik-leytenantı Mübariz Ağayev danışıb.
Onun sözlərinə görə, yanacaq sistemi benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığı yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi tədqiqat institutunun rəyi əsasında bu sahə üzrə ixtisaslaşmış servislərdə quraşdırıla bilər:
“Lakin təhlillər deməyə əsas verir ki, müvafiq qaydada quraşdırılmış olsa belə, istismar müddətində avadanlığa lazımi texniki qulluq göstərilməməsi, onun vaxtaşırı texniki müayinəyə təqdim olunmaması, eyni zamanda texniki-təhlükəsizlik baxımından köhnə, istifadəyə yararsız avtomobillərdə qaz avadanlığından istifadə halları bu növ avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı ağır fəsadlara gətirib çıxarır. Bu səbəbdən yol hərəkəti təhlükəsizliyinin təmini və yol hərəkəti iştirakçılarının həyat və sağlamlıqlarının qorunması məqsədilə avtonəqliyyat vasitələrində belə avadanlıqların quraşdırılması tövsiyə edilmir”.
Xatırladaq ki, yanvarın 5-də "Uber" taksi xidməti ilə məşğul olan "Chevrolet Cobalt" markalı avtomobildə ani partlayış olub. Hadisənin avtomobilə quraşdırılmış həcmi 200 litr olan qaz balonunun partlaması nəticəsində baş verdiyi məlum olub.
Telegram kanalımız