Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son zamanlar əsasən “Şevrolet Kobalt” (“Chevrolet Cobalt”) avtomobillərinə qaz balonu yerləşdirilməsi üçün BDYPİ-nin razılıq verməsinə görə narazılıqlara münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, idarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Pravda.az-a açıqlamasında bildirib ki, yanacaq sistemi benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığı yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi tədqiqat institutunun rəyi əsasında bu sahə üzrə ixtisaslaşmış servislərdə quraşdırıla bilər: “Lakin təhlillər deməyə əsas verir ki, müvafiq qaydada quraşdırılmış olsa belə, istismar müddətində avadanlığa lazımi texniki qulluq göstərilməməsi, onun vaxtaşırı texniki müayinəyə təqdim olunmaması, eyni zamanda texniki-təhlükəsizlik baxımından köhnə, istifadəyə yararsız avtomobillərdə qaz avadanlığından istifadə halları bu növ avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı ağır fəsadlara gətirib çıxarır. Bu səbəbdən yol hərəkəti təhlükəsizliyinin təmini və yol hərəkəti iştirakçılarının həyat və sağlamlıqlarının qorunması məqsədilə avtonəqliyyat vasitələrində belə avadanlıqların quraşdırılması tövsiyə edilmir”.
Xatırlatma: Yanvarın 5-də “Uber” taksi xidməti ilə məşğul olan “Chevrolet Cobalt” markalı avtomobildə ani partlayış olub. Hadisənin avtomobilə quraşdırılmış həcmi 200 litr olan qaz balonunun partlaması nəticəsində baş verdiyi məlum olub.