AZ

Tramp “dünya prezidenti” ola bilməyəcək

Amerika dövlətinin fəlsəfəsində dünyanı gözəlləşdirmək missiyası olmayıb, okeanı üzüb keçən sicaliyalı mafiozlar da, yəhudi biznesmenlər də ancaq ABŞ-ın güclü olması üçün çalışıblar, maliyyə pramidalarını, nəhəng şirkətləri də bu səbəbdən qurublar.

Fövqəladə hadisələr olmasa, 11 gün sonra-yanvarın 20-də ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi olacaq. Bu andiçmədən sonra Yerin yeni xoşbəxt dövrə qucaq açacağına heç kimi inandırmaq olmaz. Bunun əsas səbəblərindən biri də ABŞ prezidentinin guya “Yer kürəsi prezidenti” olması barədə mifin birdəfəlik dağılmasıdır.

Əslində, ABŞ prezidenti heç vaxt dünyanın şəriksiz lideri olmayıb, çünki kimlərsə onlara qarşı mütləq çıxıb- Liviya lideri Qəddafi, Səddam Hüseyn, Fidel Kastro, Uqo Çaves, lap İranın dini liderləri, Venesuela prezidenti kimi... Amerikaya anadolular demişkən, “kafa tutmaq”(kəllə atmaq) əlbəttə ki, asan iş deyil. Üstəlik, bunun cəfasını çəkənlər çoxdur, yəni əzab o “asi” liderlərin deyil, xalqların üzərinə düşür. 

tramp_1-800x600.jpg

Son onilliklərdə Amerika özünü çox xərcləyib, lider kimi nüfuzdan düşüb. İllərlə Hollivud filmlərində yaratdıqları “ədalətli və nəhəng dövlət obrazı” qloballaşan dünyada darmadağın oldu. Bunun ölkəiçi səbəbləri indi bizim tema deyil, zatən Trampın 4 illik aralıqdan sonra yenidən hakimiyyətə qayıtmasına sevinən amerikalıların ABŞ-ın beynəlxalq nüfuzu heç vecinə də deyil. Onları bahalaşan benzin, ərzaq, artan sosial problemlərin həlli düşündürür. Trampdan da gözləntiləri də budur ki, bacarıqlı menecer olaraq bundan əvvəlki prezidentliyi dövründəki kimi yeni iş yerləri açsın, amerikalı yaxşı dolansın. Amerika dövlətinin necə deyərlər, fəlsəfəsində dünyanı gözəlləşdirmək missiyası olmayıb, okeanı üzüb keçən sicaliyalı mafiozlar da, yəhudi biznesmenlər də ancaq ABŞ-ın güclü olması üçün çalışıblar, maliyyə pramidalarını, nəhəng şirkətləri də bu səbəbdən qurublar. Amerika ən güclü, rəqib dövlətlərinin liderlərinin isə xəstəhal, hətta sərxoş olduğu zamanlarda belə, heç vaxt təkbaşına güc olmayıb. Bu həm də mümkünsüz işdir, mənasız liderlik sevdasıdır. Ümumiyyətlə, “mənəm-mənəmlik” inkişaf nəzəriyyəsinə ziddir. Ağac başqa bir ağacın kölgəsində qalanda “etiraz edir”, boynunu bükür, ya da buna etiraz olaraq “özünü qurudur”, kökünü sudan kəsir. Amerikanın belə “qurutduğu” ölkələr olub, yanında boynubükük oldunsa, o boyunu sındırmayanədək əl çəkməz. Ona görə ABŞ dövlətinin həqiqi dostu yoxdur. Ondan qorxanlar var, ondan çəkinənlər var, ona hörmət edənlər var, amma dostu yoxdur. Bu dostluq əşhəddü vacib deyil, dövlətin bir sifəti olmur, çünki insan deyil. 

1484931054.jpg

Tramp “dərin dövlət”lə anlaşmasaydı onu prezidentlik kürsüsü yəqin ki, verilməyəcəkdi. Birinci sui-qəsd Trampa xəbərdarlıq oldu. Öldürülsəydi, tərəfdarları ölkəni qarışdırmaq gücündə idilər, belə risklər var idi. Buna da “dərin dövlət” risk etmədi. Ona görə Tramp Amerikanın mənafeyi üçün hansısa şərtləri qəbul edəsi oldu. Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi onu göstərirdi ki, respublikaçı lider Amerikanın dərin elitaları ilə hansısa razılaşmaya gedib. Əks halda, o, Ağ Evə qayıda bilməyəcəkdi. 

GgcyaqGbQAAVidq.jpg

Trampın son müsahibəsində ABŞ-ın xarici siyasəti ilə bağlı mühüm məsələlər soruşulub, o isə heç birinə ya cavab verməyib, ya da cavab verməkdən müxtəlif bəhanələrlə yayınıb. Bu isə həm də onun anonsudur ki, ABŞ-ın xarici siyasətində heç də hər şey Trampın öz istədiyi kimi olmayacaq. Məsələn, Yaxın Şərq siyasətində Tramp bundan əvvəl sınaqdan çıxıb, orada tam Amerikanın “əlinə oynayır”. Amma Ukrayna müharibəsində, Avropa və Avropa İttifaqı ilə siyasətdə ona etibar edilə bilməz. Tez bir zamanda Ukraynada müharibəni durdurmaqla bağlı vədi zatən real deyildi, indi deyir ki, ona 6 ay zaman lazımdır. Sülh yaratmaq asan deyil, ABŞ-ın Trampdan əvvəlki hakimiyyətinin havaya sovurduğu pul da vacib deyil, yenisini “peçatdayarlar”. Trampın yeni komandasındakı isimlər də müvəqqətidir, ya da nəzarət edilə bilən fiqurlardır. İndi o qədər həssas zamandır ki, daha bir ciddi uğursuzluq (məsələn, ABŞ- ın Əfqanıstandan qaçması kimi)Amerikanın nüfuzuna ciddi zərbə vura bilər. Qrenlandiya və Kanadanın (eləcə də Panama kanalının) ABŞ-ın nəzarətinə keçirilməsi ilə bağlı təbliğat, baş qatmaq, Amerikanın hələ də “istədiyini edə bilən ölkə ” imicini möhkəmlətməyə hesablanmış oyun kimi görünür. Amma niyə də Rusiya ərazisini başqa torpaqlar hesabına artırırsa, ABŞ-da etməsin...

 

Nazim Sabiroğlu,
Musavat.com

Seçilən
11
50
musavat.com

10Mənbələr