Ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan “Yük Taksisi.Az” (166 daşıma xidməti)MMC-nin işinə baxılacaq tarix açıqlanıb. 16 yanvar tarixində Yasamal rayon Məhkəməsində şirkətlə bağlı növbəti proses keçiriləcək.
XALQ.AZ xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Bu maddə ilə barəsində bir neçə dəfə də cərimə protokolu yazılan “Yüz Taksisi.Az”-ın işi hakim Rauf Daşdəmirovun icraatındadır.
Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. Mal ölkəyə gətirilmirsə, sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir. Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Xatırladaq ki, cərimələnməsi gözlənilən “Yük Taksisi.Az” MMC 2013-cü ildən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. A.Zeynalov həmçinin “Evakuator.Az” MMC-nin də direktorudur.Tribunainfo.az
Qarşı tərəfi dinləməyə hazırıq.