1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan son 22 ildə çox böyük iqtisadi uğurlara imza atıb. Cənubi Qafqazın ən böyük iqtisadi potensialına çevrilən ölkəmizin iştirakı olmadan regionumuzda heç bir layihə gerçəkləşə bilməz. Bu gün ölkəmiz iqtisadi və siyasi cəhətdən heç bir ölkədən asılı deyil. Ölkəmizdə, xüsusilə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bütün quruculuq işləri öz daxili imkanlarımız hesabına həyata keçirilir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O bildirib ki, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir və əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur:
"Biz artıq donor ölkə qismində çıxış edirik, beynəlxalq iqtisadi layihələri maliyyələşdiririk. Dövlətimizin iqtisadi inkişafı gücləndikcə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. İqtisadi inkişaf, gəlirlərin artması bütün sosial sahələrə də müsbət töhfəsini verir. Təbii ki, bütün bunlar Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və cəsarətli addımları sayəsində mümkün olub".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin iqtisadi həyatında çox böyük əhəmiyyət kəsb edən vacib məqamlara toxunub:
"Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir. 2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi. Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik. Bizim hədəfimiz ümumi daxili məhsulun həcmini 7 faizə qədər artırmaqdır. Bunun üçün sənaye istehsalının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Prezidentin də qeyd etdiyi kimi, biz 2024-cü ildə iribüdcəli layihələr icra etməyimizə baxmayaraq, maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bildik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. 10 milyon əhalisi olan bir ölkədə adambaşına düşən ehtiyatların həcminə görə biz dünyada aparıcı ölkələr sırasındayıq. Valyuta ehtiyatlarımızın xarici borcumuzu 14 dəfə üstələməsi iqtisadiyyatımızın dayanıqlılığından xəbəri verir.
Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən məlum oldu ki, Azərbaycan xarici borcunu bir qədər artırmaq niyyətindədir. Əgər 5 il öncə xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizi həcmində idisə, bu gün bu cəmi 7.2 faizdir. Qarşıya qoyulan böyük layihələri icra etmək və büdcə yükünü azaltmaq üçün xarici borclanmaya getmək olar. Bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək".
"41 milyard manat olan 2025-ci ilin büdcəsi Azərbaycan tarixində rekorddur. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi idarəetmədə şəffaflığın təmin edilməsi gəlirlərimizin artmasına müsbət təsir göstərib. Büdcəmizin rekord səviyyədə olması 2024-cü ilin fəaliyyətinin nəticəsi deyil. Bu, uzun illər aparılan iqtisadi islahatların, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin, investisiya mühitinin yaxşılaşdırılmasının bizə verdiyi bəhrədir.
Ölkə başçısının da vurğuladığı kimi, uzun illər zərərlə işləyən, hər dəfə dövlət büdcəsindən dotasiyalar alan SOCAR, Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları indi gəlirlə işləyirlər. İqtisadi sahədə müşahidə olunan inkişaf sosial sahəyə də öz müsbət təsirini göstərir. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatdı. Minimum pensiya 40 manat artaraq 320 manat oldu. Qarabağ və Şərqi Zəngəzurda bu qədər tikinti-quruculuq işlərinin getdiyi bir zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində belə bir addımların atılması dövlətimizin gücünün göstəricisidir", - deyə deputat vurğulayıb.
Mərahim Nəsib