AZ

Ərdəbil mollasını Azərbaycana qarşı danışdıran KİMDİR…

İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin anti-Azərbaycan açıqlamaları Bakının narazılığına səbəb olub. Yanvarın ilk günü İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı 29 dekabr 2024–cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

İranın Xarici İşlər Nazirliyi Amulinin açıqlamalarından təəssüfləndiyini bildirib. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib ki, təəssüf hissi kifayət deyil.

“Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır”.

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, Ərdəbil mollası yuxarı dairələr tərəfindən ora təyin olunub:

“İranın siyasi sisteminə görə şəhərlərin, əyalətlərin molları böyük siyasi və inzibati statusa malikdirlər. Ərdəbil mollasının vaxtaşırı belə çıxışlar etməsi təsadüfi deyil. Ərdəbil bu gün İran dövlətinin tərkibində olan qədim Azərbaycan torpağıdır. Həmin mollanın təyinatı da yuxarılar tərəfindən müəyyənləşdirilir. Azərbaycan torpağından azərbaycanlı adlandırılan şəxsin dili ilə Azərbaycana qarşı vaxtaşırı təhdidlərin səsləndirilməsi müəyyən dairələrin əməyinin nəticəsidir. Məqsəd Azərbaycanı müstəqil siyasətdən uzaqlaşdırıb, daim təzyiq altında saxlamaqdır. Eyni zamanda məqsədlər arasısnda Azərbaycanı Ermənistana müəyyən güzəştlər etməsinə məcbur etmək var. Azərbaycanın müstəqil siyasəti onlara sərf etmir. Müstəqil Azərbaycan siyasi nüfuzu, dünya birliyində səsi olan dövlətir. İran ABŞ və Qərb dünyası ilə bugün kəskin qarşıdurmadadır. Eyni zamanda qonşu dövlətlərlə də onun problemləri var. İrandan fərqli olaraq, əhali və ərazi baxımından kiçik olan ölkə dünya ilə yaxşı münasibətdədir, beynəlxalq təşkilatlara rəhbərlik edir, öz problemlərini özü həll edir. İranın bu gün təsir altında saxladığı Ermənistana özünün suveren hüquqlarını qəbul etməyə məcbur edir. Bu isə İranın müəyyən dairələrinə sərf etmir”.

Deputat vurğulayıb ki, belə çıxışlar Azərbaycanı yolunan döndərə bilməz:

“Onlar açıq şəkildə çıxış edə bilmirlər. Bir əyalət mollası vasitəsilə özlərinəməxsus bu fikirləri səsləndirməyə çalışırlar. Amma aydındır ki, Azərbaycan İran rəhbərliyindən özünün əyalətdəki nümayəndəsinin fikirlərinə diqqət etməyi xahiş edir. Amulinin öz statusundan kənara çıxaraq, Azərbaycan haqda neqativ fikirlər bildirməsi qəbuledilməzdir. Eyni zamanda həmin şəxsə əyalətindən kənara çıxan çox böyük auditoriyalar verilir. Fikirləri İran KİV-lərində yayılır. İran bu barədə özünü mövqeyini açıqlamalıdır. 2 il əvvəl İrandakı səfriliyimizə edilən hücumların xüsusi hazırlandığı gün kimi aydındır. İrandakı səfirliyimizi bağladıqdan sonra cənub qonşumuz Azərbaycan kimi dostunu itirdiyinin fərqinə vardı. Ona görə uzun müddət Azərbaycandan səfirliyini yenidən açılmasını xahiş etdilər. İranın Azərbaycan əleyhinə danışan dilləri müəyyən müddət ərzində susmaq komandası aldı. İndi, görünür, İranın müəyyən dairələri əyalət mollası vasitəsilə Azərbaycana qarşı öz neqativ fikirlərini səsləndirməyə çalışırlar. Belə çıxışlar Azərbaycanı müstəqil siyasətindən kənarlaşdıra bilməz”.

Seçilən
6
4
moderator.az

10Mənbələr