"Sevən adam qısqanar, hətta döyə də bilər". Bu ifadə demək olar ki, hər kəsə tanışdır. Cəmiyyətdə məişət zorakılığına belə sözlərlə haqq qazandıran insanlar az deyil. Ancaq daha təəccüblüsü, bəzən şiddətə məruz qalan qadınların da bunu normallaşdırmasıdır. Elələri də var, sanki həmin hallardan həzz alırlar.
Milli.Az xəbər verir ki, mövzu ilə əlaqədar "Yeni Sabah"a həkim-psixiatr Azad İsazadə danışıb.
Onun sözlərinə görə, ictimai fikirdə kişilərin yüngül şiddət göstərməsi normal qarşılanır:
"Stokholm sindromu" adlı bir anlayış var. Mənası insanın ona zorakılıq edən şəxsə heyranlığı, emosional simpatiya, sevgi və empatiya hiss etməsidir. Psixiatr Nils Bejerotun ad verdiyi bu sindrom 1973-cü ildə İsveçin paytaxtı Stokholmda baş verən hadisə ilə bağlıdır.
6 gün bank soyğunçusunun girov saxladığı qadın ona emosional bağlanır. Azadlığa çıxanda soyğunçunu müdafiə etməklə yanaşı, qadın nişanlısını atıb onu girov götürən quldurunun həbsdən çıxmasını gözləyir.
Buna istinadla demək olar ki, hər bir qurban hansısa formada bəzən ona əziyyət və işgəncə verən insana bağlana bilər. Əsasən, cəmiyyətdə kişinin qadını yüngül formada döyməsi norma kimi qəbul edilir. Hətta hesab edirlər ki, döyürsə, şiddət göstərirsə, qısqanırsa, qışqırırsa, deməli sevir və narahat olur. Belə davranışlar, adətən, çoxluq arasında neqativ hal olaraq qəbul edilmir.
Elə buna görə də, kişilər fiziki güc tətbiq etməkdən yayınmırlar. İctimai fikir bu istiqamətdə formalaşdığı üçün gənc qızlar da münasibət qurduğu oğlanın ona qadağalar qoymasını, nəzarəti xoşlayırlar. Halbuki əgər oğlan qıza "evə gedəndə zəng et" deyirsə, görüşəndə telefonu yoxlayırsa, bu artıq gələcəkdə baş verə biləcək zorakılığın təməli, nümunəsidir.
Sadalananlar hansısa formada qurbanda asılılıq yaradır. Qadınlar həmin davranışları müsbət və normal hal kimi qarşılayır. Ancaq heç kim əminliklə deyə bilməz ki, bu gün narahatlıq keçirən və yoxlama aparan adam sabah döyən kişiyə çevrilməyəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun