Ədalət Mustafayev: “Ağdərə rayonunun bərpasına gorə cənab Prezidentə sonsuz təşəkkur edirəm”
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Qanunu təsdiqləyib.
Qanuna əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla, bu Qanuna əlavə edilmiş xəritədə göstərilən inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət Reyestrinə daxil edilib. Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil edilib:
Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər və Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi
Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşanlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd, Çapar və Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Oratağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri
Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndləri, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri
Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Orta Güneypəyə, Sırxavənd və Yeni Qaralar kənd inzibati ərazi dairələri Ağdam rayonunun, Çərəktar, Çıldıran, Dovşanlı, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Narınclar və Vəngli kənd inzibati ərazi dairələri Kəlbəcər rayonunun, Ağdərə şəhər, Şıxarx qəsəbə, Ağabəyyalı, Canyataq, Çardaqlı, Çaylı, Həsənqaya, Kiçik Qarabəy, Qızıloba, Aşağı Oratağ, Talış, Ulu Qarabəy və Umudlu kənd inzibati ərazi dairələri Tərtər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilib.
Məlumat üçün bildirək ki, Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş və ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüş, sonradan həmin ərazilər Ermənistan işğalı altına düşmüşdü. Bu ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən sonra Ağdərə də tamamilə Azərbaycan mərkəzi hakimiyyətinin nəzarətinə keçdi.
31 ildən çox ağdərəlilər Ağdərənin rayon statsunun bərpası və ərazilərinin öz tərkibinə qatılması uğrunda mübarizə aparıblar. Nəhayət, Prezident İlham Əliyev ağdərəlilərin istəyini gerçəkləşdirib, həm Ağdərəyə bayraq sancıb, həm də onun rayon kimi təşkil eidlməsi barədə qanun imzalayıb.
“Həm torpağımız işğaldan azad olundu, həm də haqsız yerə ləğv edilən Ağdərə rayonu bərpa edildi, bundan böyük sevincmi olar?!”
Ağdərənin İmarət-Qərvənd kəndində doğulan AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Ağdərə rayonunun illər əvvəl ləğv edilməsi və ərazisinin parçalanması böyük tarixi və siyasi səhv idi.
“İllər sonra olsa da, tarixi ədalət bərpa olundu, Ağdərənin rayon statusu rəsmən özünə qaytarıldı.
Azərbaycan xalqını qələbəyə ruhlandıran, ordunu ən yüksək səviyyədə döyüş qabiliyyətinə çatdıran, dunya dövlətlərinin geosiyasi maraqları çərçivəsində Azərbaycan dövlətinin regional gücə çevrilməsini təmin edən, itirilmiş ərazilərin, o cümlədən haqsızlıq nəticəsində ləğv edilmiş Ağdərə rayonunun bərpasına gorə cənab Prezidentə sonsuz təşəkkur edirəm, ona can sağlığı arzulayıram.
Prezident İlham Əliyev Ağdərə rayonunun yenidən yaradılması ilə bağlı imzaladığı qanunla ağdərəlilərin illərdən bəri ürəyində qalan arzusunu gerçəkləşdirdi”-deyə Ə.Mustafayev qeyd etdi.
Bu qanunun imzalanmasının ağdərəlilərə qol-qanad verdiyini deyən Ə.Mustafayev bildirdi ki, artıq Ağdərənin kəndləri də özünə qayıdır. “Bu, itirilmiş tarixin, vaxtın, ömrün geri qaytarılmasıdır. Bu, ağdərəlilər üçün böyük sevincə səbəb olan hadisədir. Həqiqətən də bu, son 30 ildə yaradılmış bir ümidsizliyi yenidən bərpa olunması demıəkdir. Bu məni çox kövrəlti...”
Sənəddə Ağdərənin bütün kəndlərinin adlarının qeyd edildiyini deyən Ə.Mustafayev bildirdi ki, bu bütövlükdə ağdərəlilərin həyatında çox mühüm hadisədir. “Həm torpağımız işğaldan azad olundu, həm də haqsız yerə ləğv edilən Ağdərə rayonu bərpa edildi, bundan böyük sevincmi olar”-deyə müsahibimiz qeyd etdi.
İradə SARIYEVA